Təhlil

Hüquq müdafiəçisi: ‘Siyəzəndə həbs olunanlar siyasi məhbusdur’

“Siyəzəndə unun və digər məhsulların qiymətlərinin artırılmasına sadəcə etiraz edən bir qrupa 4 ildən 6 ilə kimi həbs cəzası verilməsi növbəti ədalətsizlikdir. Bu Konstitusiyanın, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinin növbəti dəfə pozulması deməkdir”.

2016-cı ilin yanvarında Siyəzəndə sosial tələblərlə etiraz aksiyası keçirənlərə həbs cəzasının verilməsini AzadlıqRadiosu-na dəyərləndirərkən hüquq müdafiəçisi Oktay Gülalıyev belə deyib. Hüquq müdafiəçisi hesab edir ki, bahalanmanın tüğyan etdiyi, monopoliyanın dərinləşdiyi bir ərəfədə hakimiyyət vətəndaşların onun idarəçiliyinə etiraz etməsini istəmir.

“Narazılığın genişlənməsini önləməkdən ötrü repressiyalara, zorakılığa, qanunsuz həbslərə əl atırlar. Siyəzəndə sosial tələblərlə aksiya keçirən vətəndaşların həbs olunması pislənilməlidir. Bu hökm ədalətsiz və absurd, eyni zamanda siyasi sifarişdir”, deyən hüquq müdafiəçisi etiraza görə həbs edilənlərin potensial siyasi məhbus olduğunu vurğulayıb.

“Onların həbsində siyasi motivlər var. Həm də onların həbsi Avropa Şurasının 2012-ci il oktyabrın 3-də qəbul etdiyi siyasi məhbus kriteriyaları ilə üst-üstə düşür. Onları potensial siyasi məhbus hesab edirəm”.

Hüquq müdafiəçisi deyib ki, həmin şəxslər 1 ildir həbsdədir, hökumət onların müdafiəsinə imkan verməyib:

“Həmin şəxslər həbs olunan ilk gündən biz onları müdafiə etməyə çalışmışıq. Sadəcə, istintaq qurumları onların özlərini və yaxınlarını aldadaraq bildirirdi ki, məsələni ictimailəşdirməyin, başqalarını bu işə qatmayın, guya, hər şey yaxşı olacaq. Amma sonda aydın oldu ki, məhbusların özləri də, onların ailələri də aldadılıb”.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyillər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Ölkədə hüquq müdafiəçilərin siyasi məhbuslarla bağlı siyahisinda təqribən 150-ə qədər şəxsin adı yer alır.

Daha çox göstər
Back to top button