Beynəlxalq

Azərbaycan demokratiya balına görə Qafqazda sonuncudur

Böyük Britaniya və Birləşmiş Ştatlarda populist qələbələr Soyuq müharibədən sonrakı dünya düzənini silkələyib, Avropa və Avrasiyada sabitsizlik qorxularını artırıb. Bunu «Freedom House» insan haqları təşkilatı aprelin 4-də açıqladığı «Keçid ölkələri 2017» (Nations in Transit 2017) hesabatında bildirir. Sayca 22-ci olan illik hesabatda Mərkəzi və Şərqi Avropa, Balkanlar və Avrasiyada demokratiyanın durumundan söz açılır.

Ölkələr 1-7 bal üzrə dəyərləndirilib, 1 ən yüksək, 7 ən aşağı göstərici sayılır.

Azərbaycan Seçki prosesi, Vətəndaş cəmiyyəti, Müstəqil media, Milli demokratik idarəçilik, Məhkəmə qanunvericiliyi və müstəqilliyi, Korrupsiya kateqoriyaları üzrə 7, bircə Yerli demokratik idarəçilik üzrə 6.50 bal toplayıb. Bu göstəricilər əsasında hesablanan Demokratiya balı isə 6.93 olub. Ötənilki bal 6.86 idi, yəni son bir il ərzində geriləmə qeydə alınıb.

Müqayisə üçün, Gürcüstanın demokratiya balı 4.61, Ermənistanda 5.39-dur.

Builki hesabatın parlaq örnəkləri Ukrayna, Rumıniya və Kosovodur. Bu ölkələrdə struktur islahatlar gerçəkləşdirilib.

Hakimiyyət təmsilçilərinin bu hesabatla bağlı mövqeyi, hələlik, bəlli deyil. Amma indiyədək «Freedom House» və digər beynəlxalq insan haqları təşkilatlarının səsləndirdiyi tənqidləri hakimiyyət, bir qayda olaraq, rədd edib, onları ölkəyə qarayaxma kampaniyası aparmaqda suçlayıb, bütün təməl hüquq və azadlıqların təmin olunduğunu bildirir.

azadliq.org

Daha çox göstər
Back to top button