Beynəlxalq

Ötən il Azərbaycanda məişət zorakılığı nəticəsində 29 qadın öldürülüb

Mehriban Zeynalova: “Ev qətlləri latent baş verən cinayətdir”

“2016-cı il Azərbaycanda məişət zorakılığı nəticəsində 29 qadın öldürülüb”, – bunu “Report”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

O, məişət zəminində baş verən cinayətlərin səbəblərinin müxtəlif olduğunu söyləyib. Əsas səbəb kimi ailə münaqişəsini göstərib:

“Bu münaqişlərin çoxu qısqanclıqla bağlıdır. Ailə üzvünün narkotik maddə, alkoqol istifadəçisi olması da münaqişələrə gətirib çıxarır”.

Şöbə müdiri qadınların çoxunun həyat yoldaşları tərəfindən zorakılığa məruz qaldığını söyləyir. Deyir, öldürülən qadınların çoxunun qatili həyat yoldaşları olur:

“Azərbaycanda məişət zorakılığının çoxu qəsdən sağlamlığa yüngül zərər vurma (döyülmə) ilə bağlıdır. Bunun da ailə təməlinin düzgün qurulmamasından qaynaqlanır. Yetkinlik yaşına çatmayan qızların ərə verilməsi, yəni erkən nikah hallarının əksəriyyətinin sonu bu cür münaqişələrə və cinayətlərə gətirib çıxarır. Həm fiziki, həm də psixoloji baxımdan yetkin olmayan qız uşağı ailənin yükünü daşıya, ondan tələb olunanların öhdəsindən gələ bilmir”.

T.İbrahimova maddi asılılığın da məişət zorakılığına gətirib çıxardığını bildirir. Təhsili, təcrübəsi, maddi təminatı olmayan qadının məişət zorakılığına məruz qalması hallarına çox rast gəlinir:

2016-cı il sentyabrın 30-da Qəbələ rayonunun Kürd kəndinin sakini, 27 yaşlı Səbinə Verdiyeva 3 uşağının gözü önündə həyat yoldaşı Xəyal Verdiyev tərəfindən öldürülmüşdü. Ailəsi öldürüldüyü zaman qızlarının hamilə olduğunu demişdi.

Bakının Bayıl qəsəbəsində yaşayan Fəridə Məcidova da həyat yoldaşı Məzahir Qasımi tərəfindən baltalanaraq qətlə yetirilmişdi.

Daha bir olay isə Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşanıb. Anjelika adlı 55 yaşlı qadın başına sellafon torba keçirilərək qətlə yetirilib.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, evdə baş verən qətllər  əsas problemlərindəndir. Bu cinayətlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsinə ehtiyac var:

“Qeydiyyata alınan hər hansı xırda münaqişə və zorakılıq faktına dərhal sosial işçi və ya psixoloq cəlb edilməlidir. Qeyd etdiyim kimi, ev qətlləri latent baş verən cinayətdir. Həmin şəxslərə vaxtında psixoloji yardım təyin edilsəydi, sosial işçi və psixoloq ailədə zorakılığın qeydiyyatını aparıb, mühafizə orderinin tətbiqinə nail olardı. Xanımın təhlükəsizliyini təmin etmək üçün onu sığınacağa yerləşdirərdilər. Təəssüf ki, Azərbaycanda problemə bu cür yanaşılmır” deyə o qeyd etdi.

meydan.tv

Daha çox göstər
Back to top button