Beynəlxalq

AŞPA-da Azərbaycanla bağlı korrupsiya skandalı haqqında yeni açıqlamalar: OCCRP

Aprelin ortalarında İtaliyada çirkli pulların yuyulması ilə bağlı keçiriləcək məhkəmə prosesi 2013-cü ildə Azərbaycanda insan haqlarının boğulmasına töhvə vermiş gizli ofşor əməliyyatlarının üzərinə işıq salmalıdır.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatı Luca Volontenin Milanda keçiriləcək məhkəmə iclasına hazırlaşan müstəntiqlər Volonteni Britaniya ofşor şirkətləri vasitəsilə 2.39 milyon avro ödənişlər qəbul etməkdə ittiham edirlər.

Maliyyə vəsaitinin əsas hissəsi Azərbaycanda “Baktelekom” MMC tərəfindən Britaniyanın “Hilux Services LLP” şirkəti və bu şirkətin Estoniya bankındakı hesabı vasitəsilə köçürülüb. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırması Layihəsinin (OCCRP) araşdırmaçısı bu şirkətin sahibi olan biznesmenin Azərbaycanın birinci ailəsi ilə əlaqələrini aşkarlayıb.

Prokurorlar ödənişlərin Volonteyə Avropa qurumunun Azərbaycanda insan haqlarının durumuna dair tənqidlərini susdurmaq müqabilində edildiyini təsdiqləyiblər.

Prokurorlar 2.39 milyon avronun Volonteyə 2012-2014-cü illərdə necə çatdırıldığını izlədiklərini deyiblər. İttiham aktında isə qeyd olunur ki, 1 milyon avro Britaniyanın “Hilux Services LLP” şirkətinin hesabına 2013-cü ilin dekabrı ilə 2014-cü ilin dekabrı arasındakı müddətdə köçürülüb. Bu da öz növbəsində korrupsiya sxeminin Volonte işindən daha geniş miqyasda törədildiyinə dair şübhələrə yol açır.

Bu məsələ aktivistlərin və vətəndaş cəmiyyəti qruplarının etirazına səbəb oldu. “Transparency International” AŞPA-dan tərəfsiz, etik korrupsiya araşdırmasının aparılmasını tələb etdi (AŞPA Avropa parlamentindən fərqli olaraq digər funksiyalarla yanaşı Avropa İnsan Haqları Məhkəməsinə də nəzarət edir).

Volontenin Azərbaycanla əlaqələri 2011-ci ilə, bir-biri ilə əlaqəsi olmayan iki hadisənin baş verdiyi dövrə gedib çıxır:

Azərbaycan AŞPA-nın tapşırığı ilə siyası məhbuslarla bağlı hesabat hazırlayan Almaniya parlamentinin deputatı Kristofer Ştrasserin viza müraciətinə üç dəfə “yox” cavabı verib.

Eyni ildə Volonte Azərbaycanı AŞPA-da təmsil edən deputat həmkarı Elxan Süleymanovun dəvəti ilə Azərbaycana səfər edib.

Daha çox göstər
Back to top button