Təhlil

‘Məmurlar Azərbaycanı Avropa ilə yox, Afrika ilə müqayisə edirlər’

«Novoye Vremya» qəzetində «Nazirlər Kabinetinin nəzərinə: Azərbaycan Afrika deyil» sərlövhəli məqalə oxumaq olar.

Yazıda Nazirlər Kabinetinin fəaliyyəti ciddi tənqid edilir.

Müəllifin yazdığına görə, baş nazirin müavini Əli Əhmədov bu günlərdə «Dayanıqlı inkişaf məqsədləri-keyfiyyətli təhsil» mövzusunda keçirilən tədbirdəki çıxışında Azərbaycandakı vəziyyətdən bəhs edərək deyib ki, Afrikanın, Asiyanın bəzi ölkələrində insanlar yaxşı təhsil almaqdan, yeməkdən, sülh və sabitlik şəraitində yaşamaqdan məhrumdurlar: «Bunu da gördük! Ə.Əhmədov Azərbaycanı inkişaf etmiş ölkələrlə müqayisə etmək əvəzinə, Afrika ölkələri ilə müqayisə edir. Ya baş nazir müavini bəlkə elə düşünür ki, əgər bizdə uşaqlar acından ölmürsə, Afrikadakı kimi məktəbə ac getmirsə, bu, Nazirlər Kabinetinin uğurudur?».

Müəllif yazır ki, Azərbaycanda təhsilin səviyyəsinə gəlincə, onun yaxşılaşdırılması arzu olaraq qalır. Yazıda vurğulanır ki, indiki iqtisadi böhran şəraitində bir çox sahələr üzrə diplomlu mütəxəssislər iş tapa bilmirlər.

Müəllifə görə, hazırda ali təhsil sahəsində artım, rəsmi konsepsiyanın tələb etdiyi kimi, yüksək texnoloji əsaslar üzrə getmir. Sadəcə, qeyri-istehsal sahələrində mütəxəssislərin sayı artır.

Yazıda Azərbaycanı Afrika ölkələri ilə müqayisə etdiyinə görə baş nazirin müavini tənqid olunur. Müəllif Ə.Əhmədova ölkədəki korrupsiya barədə danışmağı tövsiyə edir: «Bu, ölkənin ən böyük bəlasıdır. Korrupsiya təkcə dövlətdən və xalqdan oğurlanan milyardlar demək deyil. Bu, istənilən səviyyədə hakimiyyətə etimadsızlığın əsas səbəblərindən biridir…».

azadliq.org

Daha çox göstər
Back to top button