İctimaiyyət

”Əliyev hələ islahatlar aparmaq niyyətində deyil”

Mehman Əliyev: ”Biz hələ böhrandan çıxmamışıqsa, necə uğurlu inkişatdan danışa bilərik?”

“İlham Əliyevin çıxışı 2016-cı ilin oktyabrında verdiyi vədlərin gerçəkləşməyəcəyinin anonsudur”.

Bunu “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev prezident İlham Əliyevin aprelin 10-da Nazirlər Kabinetinin iclasındakı çıxışını şərh edərkən deyib.

“Prezident ötən ilin oktyabrında 2017-ci ilin aprelində islahatlara başlayacağını demişdi” – deyən Mehman Əliyev xatırladır ki, prezident yanvar müşavirəsi də daxil olmaqla çıxışlarında “Yol Xəritəsi”ndən danışmır:

“Halbuki, bu sənəd imzalanmışdı və apreldə işə düşməli idi. Bu, o deməkdir ki, Əliyev hələ islahatlar aparmaq niyyətində deyil. “Yol Xəritəsi”nin yerinə ayrı-ayrı sahələrdə qərarların veriləcəyi görünür. Məsələn, aqrar sektorda aqro firmalar yaradılacaq, amma belə bir şey edilirsə, mütləq tender elan olunmalıdır, ictimai müzakirələr keçirilməli və təkliflər verilməlidir. Məgər hakimiyyət xarici investorların cəlb olunmasını istəmirmi? Axı bu barədə rəsmi açıqlamalar da verirlər və beynəxalq fondlardan yardım istəyirlər. Deməli, yenə də oliqarxların maraqlarına uyğun proses gedir, məqsəd məmur-oliqarxiyasının güclənməsidir. Burada xalqın mənafeyindən söhbət getmir. Prezidentin statistik rəqəmlərinə əsasən, biz neçə illərdir yüksəlişlə gedirik. Prezident  başda olmaqla rəsmilər deyirdilər ki, Azərbaycan inkişaf edir, dünya böhrandadı, amma bizə heç bir böhran təsir etmir, sabitlik adası yaratdıqlarını iddia edirdilər. Qeyri-neft sektorunun böhrandan əvvəlki payı təxminən 67 faizə çatmışdı. Sual yaranır; belə bir vəziyyətdə Azərbaycan necə oldu ki, iqtisadi böhrana girdi? Həmin uğurlu siyasətlə, inkişafla və prezidentin səsləndirdiyi həmin rəqəmlərlə böhran necə yarandı? Biz hələ böhrandan çıxmamışıqsa, necə uğurlu inkişatdan danışa bilərik? Əgər pensiya yaşını artırırlarsa, tələbələrin müavinətlərini vaxtında verə bilmirlərsə, inflyasiya gedirsə, qiymətlər artırsa, deməli, böhran qalır. Bütün bunların müqabilində pensiyaların sığorta hissəsi qaldırılır, sadaladıqlarım dövlətin pulunun olmadığını göstərir. Bu vəziyyətdə hansı uğurlu inkişafdan danışmaq olar? Bəlkə kimlər üçünsə uğurludur? Ancaq orta statistik azərbaycanlının vəziyyəti ağırdır. Əgər pensiyalar və maaşlar artmayıb, amma qiymətlər 100 faiz qalxıbsa, normal inkişaf budurmu? Prezident son 3 ayda 85 min iş yerinin açıldığını deyir, bəs bağlanan iş yerlərini niyə demir? Bank, tikinti və sığorta sektorunda ixtisarlar niyə xatırlanmır? Tikinti malları bazarında qiymətlərin enməsi qeydə alınıb, konkret armaturun qiyməti düşüb. Bu, tikinti sektorunun sıfır vəziyyətinin göstəricisidir”.

Daha çox göstər
Back to top button