İctimaiyyət

Mehman Hüseynov: Azərbaycanda söz azadlığının qiyməti bahadır

“Mənim kimi adamlara bu cəmiyyətdə yer olmadığı üçün buradayam”.

Meydan TV-nin məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun vəkili Elçin Sadıqov çıxış edib. O bildirib ki, M.Hüseynova verilən ittihamın əsası yoxdur.

M.Hüseynovun digər vəkili Şəhla Hümbətova isə çıxışında deyib ki, M. Hüseynovu ölkədə çox adam tanıyır və o, “Sancaq” səhifəsində ölkədə baş verən korrupsiya, məmur özbaşınalığı kimi faktlar barəsində məlumat yayır: “Bu faktların yayılmasının qarşısını almağa çalışırlar”.

Daha sonra iclasda Mehman Hüseynov çıxış edib.

“Mən bilirəm ki, günahsızam. Son aylar polis sistemi utanmadan xalqa sübut etməyə çalışır ki, qatıq qaradır. Biz görürük ki, insanlara işgəncə verirlər, zorlayırlar, susdururlar. Sonra Daxili İşlər Nazirliyinin mətbuat xidməti çıxıb deyir ki, “biz mələyik”. Yenidən danışan adamları tutub işgəncə verirlər və tələb edirlər ki, çıxıb onların istədikləri kimi açıqlama versinlər. Lakin mən o adamlardan deyiləm. İşgəncə faktını gizlədə bilmərəm. Mən 8 ildir jurnalist fəaliyyəti ilə məşğulam və bu işə başlayanda bilirdim həbs və başqa təhlükələr ola bilər. Bilirəm ki, Azərbaycanda söz azadlığının qiyməti bahadır. Mən polislər tərəfindən dəfələrlə oğurlanmışam. Hətta mənə “ata silləsi” də vurublar.

Biz sübut etməliyik ki, bu saxta işdir və sabah sizin də övlalarınızın başına gələ bilər. Mənim kimi adamlara bu cəmiyyətdə yer olmadığı üçün buradayam. Hətta konvoylar da əlimə qandal vuranda utanırlar. Mən azadlığa çıxandan sonra kamera alıb arxama yerləşdirəcəm. Qoy arxadan da məni çəksin. Hamı bilir ki, mən günahsızam, lakin qərar vermək sizin səlahiyyətinizdə deyil. Sadəcə xahiş edirəm, sizə hökmlə bağlı zəng gələndə deyin ki, Mehman kişi kimi mübarizə apardı ”.

Daha çox göstər
Back to top button