Ekonomika

Deputatlar ölkədən çıxarılan vəsaitlərin geri qaytarılmasını tələb edir

“Dövlət büdcəsindən yayınan vəsaitlər hesabına villalar tikildi”.

Milli Məclisin aprelin 14-də olan iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun ötən ilki hesabatını təqdim edib. O, 2016-cı ildə audit ilə əhatə olunmuş qurumların sayının 155 olduğunu bildirib:

“Ötən il 8 istiqamət üzrə 825 nöqsan və pozuntu halına yol verilib. Daha çox mühasibatlıq, büdcə vəsaitlərindən istifadə və satınalmalar zamanı nöqsanlara yol verilib. Dövlət satınalmaları sahəsində zəruri sənədlərin təqdim edilməməsi, vəsaitlərin səmərəsiz istifadə və digər pozuntular qeydə alınıb”.

Deputat Əli Məsimli büdcə vəsaitlərinin artırılması üçün xırda xərcləri məhdudlaşdırmağın effektli olmadığını söyləyib. O, pensiya yaşının artırılması, işığın, qazın qiymətinin qaldırılması ilə büdcəyə böyük vəsaitlər qazandıra bilməyəcəklərini deyib:

“Korrupsiya, inhisarın aradan qaldırılması büdcəyə kifayət qədər böyük məbləğlər qazandıra bilər. Biz kölgə iqtisadiyyatından çox faydalanmaqla yüz milyonlarla vəsaiti büdcəyə cəlb edə, daha ciddi uğurlara nail ola bilərik. Büdcəyə bərpa olunan vəsait dəryada damladır, amma zəruri tədbirlər görülsə, büdcəyə on milyonlarla vəsaiti qaytarmaq olar. Biz büdcə vəsaitinin 10 faizini xarici borcların ödənməsinə sərf etməyə başlamışıqsa, artıq bu, həyəcanlı məsələdir. Bir məktəbin tikilməsinə, yolun çəkilməsinə üç dəfə pul ayrılır, amma nə məktəb var, nə yol. Hesablama Palatasında bu kimi faktlar əksini tapmalıdır. Məmur sahibkarlığının qarşısını almasaq, Azərbaycan iqtisadiyyatının inkişafı mümkün olmayacaq”.

Daha çox göstər
Back to top button