İctimaiyyət

Bu il xaricə istirahətə gedən Azərbaycan vətəndaşlarının sayı 10 faizdən çox azalıb

«Exo» qəzetində dərc edilən «Azərbaycan vətəndaşlarının xarici ölkələrdə məsrəfləri getdikcə azalır» sərlövhəli məqalədə ölkə vətəndaşlarının xaricə turist səfərlərini azaltması ekspertlərlə dəyərləndirilir.

Müəllif yazır ki, neftin qiyməti düşənə qədər Azərbaycandan xaricə daha çox insanlar səyahət edirdilər. Kimi istirahətə, kimi də alış-verişə gedirdi: «Alış-verişə gəlincə, Avropa mağazalarında geyimlərin qiymətləri Azərbaycandan ucuz idi. Amma iki devalvasiya ABŞ dolları ekvivalentində Azərbaycan vətəndaşlarının gəlirlərini iki dəfə azaltdı, bilet qiymətləri, Qərb otellərində qalmaq iki dəfə bahalaşdı. Nəticədə vətəndaşlar çox nadir hallarda xaricə çıxmağa başladılar və indi ölkənin regionlarına, maksimum Gürcüstana getməyə üstünlük verirlər».

Müəllif mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə istinadən qeyd edir ki, keçən il ilə müqayisədə bu il xaricə istirahətə gedənlərin sayı 10 faizdən çox azalıb.

Ekspert Vüqar Bayramovun bildirməsinə görə, əhalinin gəlirlərinin azalması elə durum yaradıb ki, artıq vətəndaşlar xaricə turist səfərinə çıxmaq barədə fikirləşmirlər: «Əhalinin çoxu hər şeyə qənaət edir. Odur ki, turist səfəri üçün vəsaiti yoxdur. Bu da ona səbəb olub ki, ölkə vətəndaşları daha çox əyalətlərə üz tuturlar. Maksimum isə Gürcüstan və Türkiyəyə gedə bilərlər ki, oralarda qiymətlər Avropa ölkələrindən ucuzdur».

azadliq.org

Daha çox göstər
Back to top button