Beynəlxalq

‘Reuters’ Azərbaycandakı həbslərdən yazır

Neftin ucuzlaşmasından dolayı ötən il Azərbaycanda ərzağın bahalanmasına etiraz aksiyaları keçirildi. Amma polis təzyiqləri və sovet dönəmini yada salan mülkigeyimli polislər etiraz hərəkatını boğub. «Reuters» xəbər agentliyinin müxbiri Azərbaycanda ötənilki etiraz aksiyalarına qatılmış vətəndaşlarla söhbətləşib.

«Kim həyatının qalan hissəsini həbsdə keçirmək istəyər?», – Özbək adlı taksi sürücüsü Qubada unun bahalanmasına etiraz etdiyinə görə bir aylıq həbs cəzası çəkdiyini deyib.

Ötən ilin yanvarındakı etirazları polis su şırnağı, dəyənək və gözyaşardıcı qazla dağıdıb. «Reuters» yazır ki, etirazların belə sərt dağıdılması Azərbaycanla əməkdaşlıq edən Avropa Birliyi və AB firmalarına potensial problem yaradır. Əməkdaşlıqda məqsəd 2020-ci ilədək Azərbaycan qazını Avropa bazarlarına daşıyacaq kəmərlərin çəkilməsidir.

«AB bu layihəni Avropanın Rusiyadan enerji asılılığını azaltmaqdan ötrü istəyir. Ancaq dinc etirazçıları təqib edən, ona qarşı çıxanları həbsə atdıran hökuməti dəstəkləyən kimi də görünmək istəmir», – məqalədə deyilir.

Müxbir Quba, Siyəzən və Şabranda etirazçılarla söhbətlərdən belə qənaətə gəlib ki, hökumətin onlarla rəftarı siyasətçiləri narahat etməlidir. Həmin şəxslər kütləvi saxlanmalardan və həbslərdən, dövlət idarələrindəki cəzalardan, polisin daha uzunmüddətli cəzalarla hədələməsindən söz açıblar.

Siyəzəndə Arun adlı tələbə orada 50-dək adamın saxlandığını söyləyib. Onun sözlərinə görə, çoxlarına bir aylıq cəza kəsilib, bəziləri içəridə 6 ay saxlanıb, bəziləri döyülüb.

Trans-Adriatik Kəməri (TAP) firması Azərbaycandan qazı İtaliyanın cənubuna nəql edəcək infrastrukturu quracaq. Şirkətin İtaliyadakı ofisindən etirazların yatırılmasıyla bağlı şərh verməyiblər. Həmin layihədə 20 faizin sahibi, İtaliyanın «Snam» enerji şirkəti, eləcə də İtaliyanın Sənaye Nazirliyi açıqlama verməkdən imtina edib.

«Reuters» yazır ki, həmin etirazlardan sonra prezident İlham Əliyev hakimiyyətini möhkəmləndirməyə başlayıb, konstitusiyaya dəyişikliklər edərək, prezidentlik müddətini 5 ildən 7 ilə qaldırıb, həyat yoldaşı Mehriban Əliyevanı birinci vitse-prezident təyin edib.

Diplomatik mənbələr baş nazir Artur Rasizadənin yerinə də yaxın adamını təyin edəcəyini deyirlər. Müstəqil təhlilçi Leyla Əliyeva deyir ki, o, hakim ailəyə yaxın şəxslə əvəzlənəcək.

Əliyevin tərəfdarları onun ölkəyə sabitlik, müasirləşmə, Avropayla sıx əlaqələr gətirdiyini bildirirlər. Amma insan haqları fəalları hökuməti opponentlərini susdurmaqda suçlayırlar.

azadliq.org

Daha çox göstər
Back to top button