Baş Prokurorluqda müxalifət liderinin dindirilməsinə başlanılıb

Aprelin 21-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilir. AXCP sədri saxta sənədlərlə xaricdə sığınacaq almaq faktı ilə bağlı qaldırılmış cinayət işi üzrə dindirlıir.
O, prokurorluğa vəkili Fəxrəddin Mehdiyevlə birgə gedib.
O dindirilmədən öncə jurnalistlərə bildirib ki, bu, Milli Şuranın 8 aprel mitinqində “Talana, yalana, monarxiyaya yox!” deməyinə görə quraşdırılmış bir işdir.
“Bu işin bizə aidiyyatı yoxdur. Biz bu prosesdə əslində zərərçəkmişik. Çünki bizim təşkilatımızın adından müəyyən saxta sənədlər veriblər. İnternetdə bu saxta sənədləri verənlər barədə çox yazılıb. İstəsələr bizim iştirakımız olmadan da saxta sənədləri verənləri tapa bilərlər. O saxta sənədləri verənlər bizim reputasiyamıza zərbə vurub. İndi isə bizim başımızı qatmaq istəyirlər. İstəyirlər ki, süni şəkildə bizim adımız bu prosesdə ən azı hallansın. Bu, AXCP-yə qarşı növbəti bir mərhələdir. Amma biz çox görmüşük belə işləri. Bunlar bizim talana, yalana, monarxiyaya qarşı mübarizəmizi durdura bilməz”, – o qeyd edib.
Ə.Kərimli AXCP adından saxta sənədlər verən şəbəkə ilə bağlı sualın cavabında deyib ki, özü də İnternetdə oxuyub ki, belə bir qrup var.
“Onlar cəzasızlıqlarına o qədər arxayındırlar ki, əziyyət çəkib sənədləri əslinə belə heç oxşatmayıblar. Nə ekspert olmağa, nə xüsusi bir təhsliə ehtiyac var. İstənilən bir şəxs o sənədlərə baxsa, görəcək ki, bu, saxta sənəddir”, – o vurğulayıb.