Azərbaycanda işsizliyin səviyyəsi günbəgün böyüyür

Beynəlxalq Əmək Təşkilatının (BƏT) 2016-2017-ci illər üçün Qlobal Əmək Haqqı hesabatının təqdimatı olub.
APA məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr sektoruna istinadən yayıb.
Təqdimatda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev son on ildə Azərbaycanda minimum əməkhaqqının 3,5, orta aylıq əməkhaqqının isə 3,3 dəfə artdığını deyib.
Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu deyir ki, ölkədə iqtisadi fəal əhali 5 milyon 14 min 500 nəfərdir. Bunun 2 milyonu xaricdə çörək qazanmaq məcburiyyətindədir:
“Azərbaycanda özünü işlə təmin etmək şansları yüksəkdirsə, onlar niyə Rusiyada, Türkiyədə, Ukraynada, Qazaxıstanda iş axtarmalıdır?!”
Q.İbadoğlu işsizliyin böyük potensialının sənaye sektorunda olduğunu deyir. Onun sözlərinə görə, son 10 ildə sənaye sektorunda tənəzzül tempi bu səviyyədə olmamışdı:
“Digər məşğulluq potensialının yüksək olan sahələrindən biri tikintidir. Bu sektorda tənəzzül daha dərindir. Tikinti sektorunda iş yerlərinin təminatı ildən-ilə məhdudlaşır. Çünki tikinti-quraşdırma işlərinin həcmi çox aşağı düşüb”.
Azərbaycanda orta minimum və orta aylıq əmək haqqının qalxmasına gəlincə, iqtisadçı Nemət Əliyev deyir ki, bu gün Azərbaycan iqtisadiyyatı təlatümlər yaşayır və bu, insanların həyatına təsirsiz ötüşmür. Orta aylıq əmək haqqı iki ildə 566 dollardan 310 dollara qədər düşüb:
“Bank sistemi tamamilə sıradan çıxb, bunu artıq deputatlar da deyir. İşsizlik səviyyəsi isə sürətlə böyüməkdədir. Nəinki azalıb”.