Azərbaycanın hərbi xərcləri 36 faiz azaldıb

Son 2 ildə Azərbaycan dünyada hərbi xərcləri azaldan ölkələr içində 3-cü yerdə qərarlaşıb. Hərbi xərcləmələr 36 faiz azalıb.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (ingiliscə qısa adı – SIPRI) aprelin 24-də açıqladığı hesabatda belə deyilir. Hesabatda ötən il dünyada hərbi xərclərdəki tendensiyalar araşdırılıb.
Ötən il hərbi xərclərdən ən çox kəsənlər neft gəlirləri azalan Venesuela (–56%), Cənubi Sudan (–54%), Azərbaycan (–36%), İraq (–36%) və Səudiyyə Ərəbistanıdır (–30%). Hərbi xərcləri azaldan 15 ölkədən yalnız ikisi neft ixracatçısıdır. Amma hesabatda o da qeyd olunur ki, Əlcəzair, İran, Küveyt və Norveç kimi neft ixracatçıları, neftin ucuzlaşmasının yaratdığı şoka rəğmən, iqtisadi baxımdan daha yaxşı durumdadırlar və 2016-cı ildə hərbi xərcləri saxlaya biliblər.
Qeyd edək ki, ötən il müdafiə xərclərinin azalmasının bir səbəbi də manatın devalvasiyası ilə izah olunur. 2015-ci ildə Azərbaycanda iki dəfə devalvasiya baş verib, manat dollara nisbətən 2 dəfə dəyər itirib.