Qərb ölkələrindən Azərbaycana gedən turistlər azalıb

ABŞ və Avropa dövlətlərindən Azərbaycana gələn turistlərin yerini Yaxın Şərq ölkələrindən gələnlər tutub. Bunu Dövlət Statistika Komitəsinin (DSK) məlumatları da təsdiqləyir.
DSK 2016-cı ildə Azərbaycana gələn turistlərin ölkələr üzrə bölgüsünü və onların xərclədikləri pulun məbləği haqda məlumatları açıqlayıb.
Ötən il Britaniyadan gələnlərin (29 min 514 nəfər) sayı 5 min 378 nəfər, Almaniyadan (13 min 42 nəfər) 2 min 168, Fransadan (5 min 785 nəfər) 852, İtaliyadan (8 min 654 nəfər) 1 725, Niderlanddan (3 min 764 nəfər) 950 nəfər azalıb.
Təhlil göstərir ki, amerikan turistlər Azərbaycanda digərlərindən daha səxavətli imiş.
Ötən il Amerikadan gələn turistlərin (12 min 291 nəfər) sayı 7 faiz azalıb. Onlar Azərbaycanda 33 milyon manat xərcləyib. Bu, adambaşına 2 min 683 manat edir. Birləşmiş Ərəb Əmirliklərindən Dubay-Bakı reysi ilə gələn turistlərin sayı bir ildə 22.3 dəfə artıb. Əmirliklərdən gəlmiş bir turist yola, yerləşməyə, qidalanmaya və s. məqsədlərə orta hesabla 2 min manata (1953) yaxın xərcləyib.
2013-cü ildən bəri Azərbaycana gələn turistlərin sayında ciddi azalma müşahidə olunur. DSK-nın məlumatına görə, həmin il Azərbaycana 2 milyon 508.9 min turist gəlmişdi. İki il sonra Azərbaycanı seçən turistlərin sayı 300 min nəfər azalmışdı.
2016-ci ildə azca artım qeydə alınıb. Ötən il turist kimi Azərbaycana gələn 2 milyon 44.7 min nəfərin hər üçündən biri Rusiya vətəndaşı, hər beşindən biri Gürcüstan vətəndaşı olub. Üçüncü yerdə 14.1 faizlə Türkiyə vətəndaşları gəlir.
Bir əcnəbi turist Azərbaycanda orta hesabla 5 gün gecələyib. Onların 2016-cı ildə buradakı xərcləri 1.4 milyard manat olub. Pulun 45.1 faizi gediş-gəlişə, 28.9 faizi mehmanxana və kirayə yerlərinə ödənilib. Qalan 295 milyon manat (ümumi xərclərin 20.9 faizi) isə kafe və restoranlarda xərclənib.
mənbə Azadlıq Radiosu