”Azərbaycanda din azadlığının durumu pisləşib”

‘Məscidləri bağlayıb, dini mağazalarda reyd keçirib, “Yehova Şahidləri” icmasını təqib edib”
“2016-cı ildə Azərbaycanda din azadlığının durumu pisləşib. İl ərzində hökumət müstəqil dini fəaliyyətə repressiyanı artırıb, sünni məscidlərini bağlayıb, dini mağazalarda reydlər keçirib, “Yehova Şahidləri” icmasını və bəzi protestant icmalarını təqib edib”.
Azadlıq Radiosunun yaydığı Amerikanın Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) aprelin 26-da açıqladığı illik hesabatında belə deyilir.
“Azərbaycana beynəlxalq terrorçuluq riski olsa da, hakimiyyət bu təhlükədən dinc dini narazılığın boğulmasında bəhanə kimi yararlanır. 2017-ci ilin yanvarında 18 şiə fəal 10 ildən 20 ilədək həbs cəzasına məhkum edildi. Onlar terrorçuluqda da ittiham olundular. Yerli QHT-lərdən biri ötən ilin dekabrınadək 86 nəfərin dini inancına görə həbsə atıldığını hesablayıb. Bu səbəblərdən USCIRF Azərbaycanı 2013-cü ildən olduğu “ikinci dərəcəli ölkələr” (Tier 2) sırasında saxlayıb”, – hesabatda vurğulanır.
Bu qrupda Azərbaycanla yanaşı, Əfqanıstan, Bəhreyn, Kuba, Misir, Hindistan, İndoneziya, İraq, Qazaxıstan, Laos, Malayziya və Türkiyə də yer alıb. Bu ölkələrdə din azadlığının ciddi pozulduğu bildirilir.
Hesabatda qeyd edilir ki, bir çox postsovet ölkələrində olduğu kimi, Azərbaycanda avtoritarizmin güclənməsi və dünyəvi siyasi müxalifətin sıxışdırılması dini siyasi müxalifətin yaranmasına səbəb olub. Hökumətsə onları terrorçuluq və digər qanunsuz fəaliyyətə bağlamaqla gözdən salmağa çalışır.
Misal kimi də 2017-ci ilin yanvarında məhkum edilmiş Taleh Bağırov və daha 17 inanclı şəxs göstərilir.
“İnsan haqları fəalları onların bir il davam edən məhkəməsini ədalətsiz adlandırıb. Məhkəmədə ağır işgəncə halları barədə iddialar səslənib”, – hesabatda qeyd olunur.