Keçmiş səhiyyə naziri Əli İnsanovu 7 il 5 gün müddətinə azadlıqdan məhrum edib

Aprelin 26-da Qaradağ Rayon Məhkəməsi keçmiş səhiyyə naziri Əli İnsanovu 7 il 5 gün müddətinə azadlıqdan məhrum edib.
Əli İnsanov sön sözündə ona qarşı irəli sürülən ittihamları rədd edərək öz işinin siyasi xarakterli olduğunu bildirib. Dəmir barmaqlıq arxasında olan Ə.İnsanov iclasdan öncə Turan-ın müxbirinin ona qarşı münasibətlə bağlı sualın cavabında deyib: “Mənə qarşı münasibət Hitlerin ölüm düşərgəsində yəhudiyə olan münasibət kimidir. Ancaq İnsanovu sındırılmış görmək istəyənlər buna nail olmayacaqlar”.
O qeyd edib ki, prokurorun söylədiyi müddət o deməkdir ki, onu daha iki prezident seçkisində iştirakdan məhrum etmək istəyirlər. Ancaq “demokratik inqilab Azərbaycana orman yanğınları kimi gəlir”.
“Qoy, bizim kral və kraliçamız bu barədə düşünsünlər”,- Ə.İnsanov vurğulayıb.
Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan iqtisadi cinayətlərə görə 11 il azadlıqdan məhrum edilib.
2016-cı ilin oktyabrında həbs müddətinin bitməsinə 56 gün qalmış ona qarşı CM-in 234.1 (narkotik maddənin əldə edilməsi və saxlanması) 315.2 (vəzifə xidmətini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 317 2.1 (qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və gəzdirilməsi) maddələri ilə yeni ittihamlar irəli sürülüb.