İctimaiyyət

Apellyasiya Məhkəməsi Mehman Hüseynova “yox” dedi

Aprelin 27-də Bakı Apellyasiya Məhkəməsi həbsdə olan bloqqer Mehman Hüseynovun işgəncə iddiaları ilə bağlı aşağı məhkəmənin qərarından verilən şikayətə baxıb.

Bu haqda AzadlıqRadiosu-na bloqqerin vəkili Elçin Sadıqov məlumat verib.

Şikayətə hakim Qail Məmmədovun sədrlik etdiyi məhkəmə heyəti baxıb.

Vəkil deməsinə görə, M.Hüseynovun iştirak etmədiyi məhkəmə prosesindəki çıxışında bloqqerin yanvarın 9-da inzibati qaydada saxlanarkən işgəncəyə məruz qaldığını bildirib. O, işgəncə faktları üzrə cinayət işi açılmasından ötrü Bakı şəhər prokurorluğuna müraciət etdiklərini xatırladıb. Ancaq həmin qurum yanvarın 19-u cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar verib.

Bloqqerin müdafiəçilərinin həmin qərardan məhkəmə nəzarəti qaydasında verdikləri şikayəti isə Səbail rayon Məhkəməsi təmin etməyib.

Vəkil həmin qərarın qanunsuz olduğunu bildirərək ləğv edilməsini məhkəmədən xahiş edib.

Ancaq məhkəmə aşağı instansiyanın qərarını əsaslı sayaraq qüvvədə saxlayıb.

E.Sadıqov qərarla razılaşmadıqlarını, yuxarı məhkəmələrə şikayət verəcəklərini bildirib.

Daha çox göstər
Back to top button