Təhlil

Azərbaycandan “beyin axını” yenə güclənir

Azərbaycandan “beyin axını” yenə güclənir. Ölkəni tərk edən təkcə hakimiyyətin qəzəbinə gəlmiş jurnalistlər, biznesmenlər, mühəndislər, informasiya texnologiyaları üzrə mütəxəssislər deyil. Hazırda həkimlər də çemodanlarını yığır, həm də bu kateqoriyada işləyənlərin əmək miqrasiyası son bir-iki ildə xeyli intensivləşib. Onlar Türkiyəyə, Almaniyaya, Çexiyaya, ABŞ-a gedirlər.

Bu günlərdə Almaniya Tibb Assosiasiyası ötən ilin yekunları üzrə hesabat açıqlayıb. Sənəddə qeyd edilir ki, sözügedən dövr ərzində Almaniyada işləyən xarici həkimlərin sayı 9,7% artıb. Belə ki, Suriyadan 746 həkim, Rumıniyadan 223 həkim, Serbiyadan 218, Ukraynadan 160, Rusiyadan 109, Azərbaycandan 108 həkim işlə təmin edilib.

Türkiyə mənbələrinin məlumatına görə, ölkənin böyük şəhərlərindəki klinikalarda Türkiyə və Avropada ali tibb məktəblərini bitirmiş təxminən 200 Azərbaycanlı həkim işləyir. Bu yaxınlarda dövlət yerli müalicə müəssisələrinin xarici mütəxəssisləri işə qəbul etməsinə icazə verib. Yeri gəlmişkən, 2016-cı ildə Türkiyədə səhiyyə sahəsində iş üçün lisenziya almaq məqsədilə 600-dən çox əcnəbi həkim-mütəxəssis müvafiq nazirliyə müraciət edib.

MDB-dən olan mühacirlərə kəskin tələblərin irəli sürüldüyü Almaniyada Azərbaycan həkimləri necə işə düzəlir? Məlum olub ki, 2012-ci ildən etibarən ölkədə yüksək ixtisaslı əmək miqrantlarının cəlb olunması üçün xüsusi Blue Card proqramı tətbiq edilib. Bu tədbir ölkədə həkim, tibb baçısı, mühəndis, riyaziyyatçı, proqramçı çatışmazlığı ilə şərtlənib. Bu dəyərli sənədi almaq üçün müraciət edənlər beşliyində Çin, Rusiya, Ukrayna, Qazaxıstan və Azərbaycan yer alır. Klinikada iş əldə etmək üçün bir sıra prosedurlardan keçmək: alman dilində – onların terminləri, müalicə sxemləri, dərman adları ilə tibbi lisenziya imtahanı vermək lazımdır.

Tibb elmləri doktoru Adil Qeybulla qeyd edir ki, Azərbaycandan mütəxəssislərin axını müşahidə olunur və bu proses ildən-ilə güclənir. Bacarıqlı, bilikli həkimlər, işinin peşəkarları ölkəni tərk edir. Onlar rezidenturanı bitirən kimi Türkiyəyə, Almaniyaya getmək üçün sənəd verirlər.

“Reallıq belədir ki, Azərbaycanda dövlət tibb müəssisələrinə rüşvət və güclü arxa olmadan işə düzəlmək mümkün deyil. Özəl klinikalara isə öz tanışlarını götürürlər. Başqa bir problem insanın normal həyat səviyyəsini təmin etməsinə imkan verməyən aşağı əmək haqqıdır. Nəticədə bir çox tibb işçiləri təcrübə və təkmilləşdirmə kurslarını unudub, iki-üç yerdə işləyirlər. Dövlət əmək haqqı məsələsində Avropa ölkələri ilə müqayisə oluna bilməz – dəfələrlə fərq var”, deyə Qeybulla bildirir.

Azərbaycanda gənc mütəxəssis rezidenturadan keçir, terapevt işləyir, növbətçi qalır və yenə də Avropalı həmkarından daha az maaş alırsa, başqa ölkələrdə həkimin 7 saatlıq iş günü var və o, daha az sayda xəstəni müayinə edir. Belə çıxır ki, həkimləri ölkədə vətənpərvərlik, bir də dil maneəsi saxlayır.

Öz növbəsində, Azərbaycan Tibb Universitetinin prorektoru Nəsimi Qasımov qeyd edir ki, ali məktəbin məzunları rezidentura təhsilini davam etdirmək üçün əsasən Türkiyə, Almaniya və Rusiyanı seçirlər. Xarici dilləri öyrənsələr və bilik və bacarıqları olsa, bu ölkələrdə iş tapmaq çətin deyil. Yeri gəlmişkən, çoxları elə belə də edir.

Səhiyyə Nazirliyinin adının açıqlanmasını istəməyən bir məmuru da Contact.az-la söhbətində tibb işçilərinin xaricə axını problemini etiraf edib. O, əsas məsələ ilə razıdır – bu sahədə “beyin axını”nın böyük miqyaslara keçməməsi üçün dövlət həkimlərə rəqabətədavamlı əmək haqqı verməlidir.

Bu gün təkcə Azərbaycanın regionlarında deyil, həm də paytaxtda həkim çatışmazlığı müşahidə olunur. Məsələn, pataloji anatomiya mütəxəssisləri, təcili yardım həkimləri çatışmazlığı var, pediatr hazırlığı ilə bağlı da problemlər var. Belə çıxır ki, bu gün vaxtaşırı həkimləri və tibbi danlaya biliriksə, hələ yaxşı vəziyyətdəyik – ən azından danlaya biləcəyimiz kimsə var. Beş-on il sonra nə olacağını isə, yəqin ki, heç kim proqnozlaşdırmaq istəməz.

Daha çox göstər
Back to top button