Beynəlxalq

Fəallar Qələndərovun ölümünü siyasi qətl hesab edirlər

Bazar ertəsi Siyasi Məhbusları Müdafiə Mərkəzi vətəndaş fəalı və bloger Mehman Qələndərovun Kürdəxanı İstintaq Təcridxanasında qəribə şəraitdə ölümü ilə əlaqədar debat keçirib.

Tədbirdə siyasi və ictimai xadimlər, siyasi məhbusların ailə üzvləri iştirak ediblər.

İştirakçılar Qələndərovun həbsinin siyasi motivləri, qəribə ölüm şəraiti, bu faktın gizlədilməsi faktı və hakimiyyətin dəfn mərasimini gizli keçirməsi məsələlərini müzakirə ediblər.

“Mehman Qələndərovun intihar etdiyi iddia olunur. Amma ölüm haqqında məlumatın gizlədilməsi cəhdləri, cəsədin ailəsinə verilməməsi, gizli dəfn mərasiminin keçirilməsi onun işgəncələrə məruz qaldığını düşünmək üçün əsas verir”, deyə “Siyasi Məhbuslarsız Azərbaycan” ictimai alyansının rəhbəri Oqtay Gülalıyev bildirib.

Keçmiş siyasi məhbuslar və vicdan məhbusları əmindirlər ki, istintaq təcridxanasında intihar etmək mümkün deyil.

“Dəhlizdə daim nəzarətçi növbə çəkir, o, müntəzəm olaraq göz dəliyindən kameraya baxır. Kamerada məhbusun özünü asa və ya kəsə biləcəyi əşyalar yoxdur. Bundan başqa, Qələndərov ikinəfərlik kamerada saxlanırdı və belə şəraitdə özünü asmaq qeyri-mümkündür”, deyə keçmiş siyasi məhbus İbrahim İbrahimli bildirib.

DQMŞ-nin rəhbəri Cəmil Həsənli, AXCP-nin sədr müavini Gözəl Bayramlı Qələndərovu “demokratiya şəhidi” adlandırıb. Sirli ölüm siyasi məhbuslara qarşı yeni mühasibətin – onların fiziki olaraq aradan qaldırılmasının təzahürü deməkdir.

“Digər siyasi məhbus İlkin Rüstəmzadənin də həyatı üçün təhlükə var. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları onu öz xəbərçilərinə çevirmək üçün hədələyirlər”, deyə tədbirdə skayp vasitəsilə iştirak edən Həsənli bildirib.

“Blogerin ölümü siyasi qətldir və buna görə hakim rejim məsuliyyət daşıyır”, deyə Həsənli bildirib.

Çıxış edənlər Qələndərovun siyasi motivlərlə həbs edilməsinə diqqət çəkiblər. O, Azərbaycanın Tbilisidəki səfirliyi qarşısında “Kral istəmirik!” şüar ilə keçirilən etiraz aksiyasının iştirakçısı olub.

O, Bakıda Heydər Əliyevin abidəsi önündə abidəyə qraffiti yazan Bayram Məmmədov və Qiyas İbrahimovun həbsinə etiraz aksiyası keçirdikdən bir neçə saat sonra saxlanılıb.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus skayp vasitəsilə çıxışında bildirib ki, “bu siyasi qətl” barədə Avropa Parlamentinə, BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə və digər beynəlxalq təşkilatlara məlumat verib.

Çıxış edənlər Qələndərovu “demokratiya şəhidi” elan etməyi, onun ölümünün araşdırılması üzrə müstəqil komissiya yaratmağı, obyektiv araşdırma tələbi ilə baş prokurorluğa müraciət etməyi təklif ediblər. Həmçinin, cəsədin ekshümasiyasını və ekspertizasını həyata keçirmək təklif olunub.

Bundan başqa, beynəlxalq ekspertiza keçirmək və Azərbaycanda siyasi qətllər haqqında hesabat hazırlamaq təklif olunub. Bununla yanaşı, dəfnin təşkili üçün Təzə Pir məscidinə müraciət etmək qərara alınıb.

Daha çox göstər
Back to top button