İctimaiyyət

Kürdəxanı təcridxanasında saxlanılan bloger Mehman Qələndərov özünü asıb

“Mehman Qələndərovun cəsədi səhər qohumlarına verilib. Cəsəd yarılıb və ekspertiza aparılıb. Sabah Mehman Zabrat qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.  Penitensiar Xidmətin təkzibi o deməkdir ki, Mehman intihar etməyib, onu öldürüblər”,- jurnalist Əfqan Muxtarlı Turan-a bildirib.

“Mehman Qələndərovun ölüm xəbəri  gözlənilməz oldu, çox kədərlidir. Doğrusu, bizdə bunun intihar olduğunu təsdiq edən faktlar yoxdur”, – hüquq müdafiəçisi Oqtay Gülalıyev Turan-a bildirib.

“Mən Mehmanın qohumları ilə danışdım. Onlar intihar versiyasına inanmırlar. Çünki onların sözlərinə görə, Mehman prinsipial, qətiyyətli adam olub. Bundan əlavə, psixoloq idi, fəal siyasi fəaliyyətlə məşğul olub, öz hərəkətlərini şüurlu olaraq koordinasiya edib. Biz onu siyasi məhbus kimi tanıyırdıq. Ancaq onun müdafiəsi zəif olub. Şəxsən mənə  intihar versiyası doğru görünmür. Niyə özünü öldürməliydi?  Nəyə görə onu bu həddə çatdırmalıydılar? Hesab edirəm ki, Mehman Qələndərov öz fəaliyyətinə görə, Qiyas və Bayrama azadlıq tələb etdiyinə görə rejimin növbəti qurbanına çevrildi. Məndə olan məlumata görə, Sabunçu Rayon Prokurorluğu Mehmanın ölüm faktı üzrə cinayət işi qaldırıb.  Cəsəd morqdadır,  dəfn edilmək üçün  qohumlarına veriləcək. Onun qohumları çox deyil, bir bacısı var”, – O.Gülalıyev bildirib.

***

Kürdəxanı təcridxanasında saxlanılan bloger Mehman Qələndərov özünü asıb

Kürdəxanı təcridxanasında saxlanılan bloger  Mehman Qələndərov dünən intihar edib. O, kamerada özünü mələfə  ilə asıb. Bunu Turan-a hüquq müdafiəçiləri bildiriblər.

Penitensiar Xidmətdən və Sabunçu Rayon Prokurorluğundan şərh almaq mümkün olmayıb.

2017-ci il fevralın 7-də M.Qələndərovun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib. O, CM-in 234.2-ci maddəsilə ittiham  olunub.

Həbs  günü M.Qələndərov Facebook səhifəsində yazmışdı: “Hamımız Qiyas (Heydər Əliyevin abidəsinə şüar yazan Qiyas İbrahimov nəzərdə tutulur. Bundan sonra 10 il azadlıqdan məhrum edilib) kimi olaq. Qul olma!”

Bundan sonra o, Heydər Əliyevin abidəsinin yanında aksiya keçirib və orada saxlanılıb.

Nəsimi Rayon Məhkəməsi M.Qələndərovu istintaq müddətində 3 ay həbs edib.

M.Qələndərov 1997-ci il mayın 23-də Bakıda anadan olub. Dövlət İdarəetmə Akademiyasını psixologiya ixtisası üzrə bitirib. Fəlsəfə, Sosiologiya, Politologiya Kollecində 10 ildən çox  dərs deyib.

Bakı və Tbilisidə hökumət əleyhinə mitinqlərdə iştirak edib.

2016-cı il sentyabrın 26-da Tbilisidə Azərbaycan səfirliyinin qarşısında “Biz kral istəmirik!” şüarı ilə keçirilən aksiyanın təşkilatçılarından biri olub.

Sosial şəbəkələrdə hakimiyyəti tənqid edib, ölkə rəhbərliyinin karikaturalarını çəkərək Facebook səhifəsində dərc edib.

Penitensiar Xidmətdə intihar faktını inkar ediblər.

Daha çox göstər
Back to top button