Beynəlxalq

ABŞ bloqqerin ölümünü araşdırmağa çağırır

”Fundamental azadlıqlarından istifadəyə görə həbsə atılmış bütün fəalları buraxmağa çağırırıq”

Amerika Birləşmiş Ştatları Azərbaycan hakimiyyətini blogerin təcridxanada ölməsini şəffaf araşdırmağa çağırır.

“Birləşmiş Ştatlar dərin narahatlıq hissiylə qeyd edir ki, azərbaycanlı bloger və fəal Mehman Qələndərov aprelin 28-də təcridxanada dünyasını dəyişib”, – Dövlət Departamentinin mayın 3-də yaydığı bəyanatda belə deyilir.

“Azərbaycan hökumətini Qələndərovun ölümünün tam, şəffaf və müstəqil araşdırılmasını təmin etməyə, fundamental azadlıqlarından istifadəyə görə həbsə atılmış bütün fəalları buraxmağa çağırırıq”, – bəyanatda vurğulanır.

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu (RATİ) Qələndərovun saxlandığı təcridxanada aprelin 29-da “özünü asdığını” bildirib. Amma insan haqları müdafiəçisi Oqtay Gülalıyev quruma blogerin hansı şəraitdə ölməsinin qaranlıq qaldığını söyləyib.

Gülalıyevin sözlərinə görə, Qələndərov hökuməti tənqid edib və həbsə atılmış iki fəal – Bayram Məmmədov və Qiyas İbrahimovun azadlığa buraxılmasına çağırıb. Məmmədovla İbrahimov ötən ilin mayında keçmiş prezident Heydər Əliyevin heykəli üzərinə “Qul bayramınız mübarək!”, – yazdıqdan sonra saxlanıblar. Hər ikisi narkotik ittihamıyla 10 il həbsə məhkum edilib.

 

Daha çox göstər
Back to top button