Beynəlxalq

Azərbaycanda neftçilərin sayı 25-30 faiz azalacaq

«Exo» qəzetində «Azərbaycanın neft-qaz sektorunu yeni ixtisarlar gözləyir» sərlövhəli məqalə oxumaq olar.

Müəllifin bildirməsinə görə, dünya bazarında neftin qiymətinin enməsi ilə bu sahədə çalışan şirkətlərdə çoxsaylı ixtisarlar aparılıb: «Azərbaycan iqtisadiyyatı neft-qaz üzərində dayanır. Bu yaxınlara qədər bu sahə ixrac gəlirinin 90 faizindən çoxunu təmin edirdi. Neft-qaz sahəsində çalışanların nisbətən yüksək gəlirə malik olması digər sahələrdən də bu istiqamətə işçi axınına səbəb olmuşdu. Amma neft böhranının başlaması ilə bu sahədə ixtisaslaşan bir çox şirkətlər əməkdaşların ixtisarına başladılar».

Yazıda BP-nin açıqlamasına istinadən vurğulanır ki, bu şirkət 2017-ci ilin sonuna kimi, Azərbaycan da daxil olmaqla, bəzi bölgələrdə 4 min nəfərə qədər iş yerini ixtisar edəcək.

«Novoye Vremya» qəzetində «Milyonlar axmaqda davam edir? Kredit fırıldaqları ilə bağlı yeni faktlar» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, ölkə iqtisadiyyatına ən ağır zərbə bank sektorundan vurulub: «Bank sistemində kəskin böhranın başlanmasında isə Beynəlxalq Bankın keçmiş rəhbərliyi katalizator rolunu oynayıb. 10 il ərzində özlərinə yaxın oliqarxlarla bankı tar-mar ediblər. Əgər neftin qiyməti kəskin enməsəydi, bu şəxslər indi də əməllərini davam etdirirdilər. Hələ ki, neft dollarları çay kimi axırdı, dövlət vəsaitlərinin dağıdılması heç kəsi maraqlandırmırdı».

Yazıda vurğulanır ki, kredit adı ilə dağıdılan 10 milyard manatdan çox vəsaitin yalnız bir qismi qaytarılıb. Müəllifin fikrincə, başqa banklarda da oxşar proseslər gedib: «Kreditlər milyon dollarlarla götürülüb. Bunların arasında dövlət şirkətlərinin məsul işçiləri də olub. Kreditləri götürüblər, amma qaytarmayıblar. Maliyyə baxımından, indiki ağır dövrdə hər bir manatın hesabı aparılmalıdır. Ölkə büdcəsi kəskin maliyyə çatışmazlığı yaşayır, yüz milyonlar isə naməlum istiqamətə axıb gedib».

Daha çox göstər
Back to top button