Azərbaycanda son 4 ayda 22 hərbçinin həlak olduğu deyilir

“2017-ci ilin ilk 4 ayında 22 hərbçi həlak olub”, – məlumatı Xəzər Hərbi Tədqiqatlar İnstitutu yayıb.
Onlardan 12-si döyüş, 10-u isə qeyri-döyüş itkisidir. Statistika mətbuatın monitorinqi nəticəsində hazırlanıb.
Məlumatda qeyd edilir ki, Silahlı Qüvvələrin 12 hərbi qulluqçusu cəbhə xəttində həlak olub. Bundan başqa 2 hərbçi xəstəlikdən, 2 nəfərin intihar etdiyi, 2 nəfərin isə bədbəxt hadisədən (qar uçqunu və tank altında qalma) öldüyü bildirilir. 2 nəfər naməlum hadisə səbəbindən, 1 nəfər əsgər yoldaşının açdığı atəş nəticəsində, 1 nəfərsə avto-qəza nəticəsində həlak olub.
Həlak olanlardan 9 nəfəri müddətdən artıq hərbi xidmət keçən, 10 nəfəri əsgər, 3 nəfərsə zabit olub. Onlardan 21 nəfəri Müdafiə Nazirliyinin, 1 nəfər isə Dövlət Sərhəd Xidmətinin əsgəri olub.