İctimaiyyət

Məhkəmə tənqidi saytları blokladı

Nazirliyin iddiası qismən təmin olundu

Azərbaycanda Meydan TV, Azadlıq Radiosunun “azadliq.org”, “Azadlıq” qəzetinin “azadliq.info”, “Turan TV”-nin və “Azərbaycan saatı” televiziya proqramının saytlarına giriş məhkəmə qərarı ilə məhdudlaşdırıldı.

Qərar mayın 12-də Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırov tərəfindən verildi.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verildi.

Nazirliyin iddia tələbi qismən təmin olunub. Nazirlik iddia ərizəsində adları çəkilənlərlə yanaşı, bu informasiya resurslarına girişi mümkün edən başqa saytların da bloklanmasını istəyirdi.

Meydan TV-nin məlumatına görə, prosesdə vəkil Adil İsmayılov çıxış üçün vaxt istəsə də, hakim bu istəyi rədd edib. Adil İsmayılov bildirib ki, nazirlik iddiasında konkret hansı yazının kütləvi iğtişaşa çağırış olduğunu göstərməyib:

“Əvvəlcə nazirlik bu məqamı izah etsin, sonra mən çıxışa hazırlaşım”. Hakim N.Bağırov isə vəkilə çıxışı yazılı surətdə təqdim etməyi vacib sayıb.

Hüquqi nümayəndə Səməd Rəhimli isə linqvistik ekspertizanın aparılmadığını söyləyib. O bildirib ki, Milli Şura sədri Cəmil Həsənlinin Meydan. TV saytında yayımlanan açıqlanmasında, o, icra hakimiyyətinin icazə verdiyi aksiyadan danışıb və zorakılığa çağırış olmayıb. Mitinqdə də heç bir zorakılıq olmayıb.

Daha çox göstər
Back to top button