‘Dövlət pulları talan edilib, amma bunu biz ödəməliyik’

Ölkə iqtisadiyyatının inkişaf perspektivi, Azərbaycan Beynəlxalq Bankın 3.3 milyard dollar borcun restrukturizasiyasına nail olmaqdan ötrü Nyu-York məhkəməsinə müraciəti və bu bankın borca düşməsinin səbəbləri bu gün medianın aparıcı mövzusudur…
«Novoye Vremya» qəzetində «Beynəlxalq Bank oliqarxların günahından çöküb, amma bunu gərək biz ödəməliyik» sərlövhəli məqalə oxumaq olar.
Müəllif yazır ki, bank bu günlərdə yaydığı açıqlamada xarici valyutada olan öhdəliklərinin dövlətə ötürüldüyünü və bu proses başa çatanadək xarici kreditlərin ödənişlərinin dayandırıldığını bəyan edib.
Yazıda banka istinadən bildirir ki, hökumət artıq bankdan 9.93 milyard manat «qeyri-sağlam» aktiv alıb. Likvidlik dəstəyinin göstərilməsi məqsədilə banka 1.3 milyard ABŞ dolları və 70 milyon manat həcmində depozit yerləşdirilib. Bundan əlavə, 2017-ci ilin yanvarında dövlətin bankda yerləşdirilmiş depozitlərin 600 milyon manat hissəsi kapitalın artırılmasına yönəldilib: «Bu tədbirlər bankın kapital və likvidlik mövqeyini gücləndirib, amma manatın devalvasiyası və «qeyri-sağlam» aktivlərin hökumətə təhvil verilməsi prosesinin başa çatmaması əlavə itkilərə səbəb olub. 2016-cı ildə bankın törəmə qurumları ilə birlikdə itkilərinin 1.9 milyard manat həcmində olması gözlənilir. Bankın öz itkisi isə 1.74 milyard manat həcmindədir».
Qəzetdə yazılanlara görə, bankın İdarə Heyətinin sədri Xalid Əhədov deyib ki, restrukturizasiya (kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi-AR) planının onlara mənfi təsiri olmayacaq.
Daha sonra müəllif bankın acınacaqlı duruma düşməsinin səbəblərinə toxunur. Buna səbəb kimi bir zamanlar verilən və hələ də qaytarılmayan kreditləri göstərir. Müəllif iddia edir ki, bu kreditləri oliqarxlar və onlara yaxın şəxslər götürüblər. Üstəlik, həmin kreditləri hələ də qaytarmaq barədə düşünmürlər. İndi isə borcları dövlətə ötürürlər: «Görürük ki, dövlət pulları talan edilib, amma nə üçünsə bu biabırçılığın əvəzini biz ödəməliyik. Bəs ədalət haradadır?».