Təhlil

‘‘Casusların’ ifşası rüsvayçılıq və hakimiyyətin çökməsidir…’

“Hakimiyyət düşünürdü ki, “MTN işi üzrə” ifşalar Akif Çovdarov və Elçin Quliyev kimi idarənin keçmiş yüksək vəzifəli generalları ilə məhdudlaşacaq. Əslində, MTN casusları haqqında açıqlanan iddialar bütün siyasi hakimiyyətin uğursuzluğudur”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) lideri Əli Kərimli vətəndaş cəmiyyəti və jurnalistlər arasında gizli casusların olması barədə KİV-də yayılan bəzi məlumatları dəyərləndirərkən belə deyib.

AXCP sədrinin fikrincə, bu mövzuda baş verən müzakirələr hökumətin mahiyyətinə uyğundur.

“Baş verənlər Əliyev rejiminin mahiyyətini əks etdirir. Məlum olub ki, MTN-dən milli təhlükəsizliyin müdafiəsində deyil, hakimiyyətinin mühafizəsi, daxili müxalifətə qarşı mübarizə, vətəndaş cəmiyyəti nümayəndələrinin əməkdaşlığa cəlb olunması üçün istifadə olunub”, – deyə Ə.Kərimli qeyd edib.

Onun fikrincə, belə fəaliyyət ümumilikdə ziyanlı olub.

“Bu əməllər nəticəsində vətəndaş cəmiyyəti zəifləyib. İndi vətəndaş cəmiyyəti adından Strasburqa gedib siyasi məhbuslar üzrə məruzəçi təyin edilməsinin əleyhinə çıxanların niyə problemin ölkə daxilində həll ediləcəyini dedikləri aydın olur”, deyən AXCP sədrinə görə, baş verənlər Azərbaycan hakimiyyətindən ötrü rüsvayçılıqdır.

Müsavat Partiyasının sədri Arif Hacılı da baş verənləri rüsvayçılıq sayır.

“Bu, həm hakimiyyətin, həm də xüsusi xidmətlərin uğursuzluğu, hakimiyyətin çökməsidir”, – A.Hacılı bildirib.

“İntiharların artması, kütləvi mühacirət, dövlət idarəetməsinin real iştirakçılarının sayının minimuma enməsi, hərbiçilər arasında casus şəbəkəsinin ifşa olunması, dövlət qurumlarının bir-birini nüfuzdan salmağa çalışması, bank sektorunun süqutu – bütün bunlar siyasi sistemin uğursuzluğunun dəlilidir”, – o, vurğulayıb.

azadliq.org

Daha çox göstər
Back to top button