İctimaiyyət

‘İnsan haqları müdafiəçiləri təhlükədədir’

Dünyada insan haqları fəallarına hücumlar böhran həddinə çatıb. Bunu «Amnesty International» beynəlxalq insan haqları təşkilatı mayın 16-da açıqladığı hesabatında bildirir. Hesabat belə adlanır: «İnsan haqları müdafiəçiləri təhlükədədir – vətəndaş cəmiyyətinin yeri daralır».

Qurum insan haqları fəallarına hücum dalğasını dayandırmaq məqsədiylə «Qorxmaz» adlı yeni qlobal kampaniya başlatdığını bəyan edir.

Hesabatda azərbaycanlı fəalların da adları çəkilir. Qeyd olunur ki, araşdırmaçı-jurnalist və hökumətin tənqidçisi Xədicə İsmayılova qarayaxma kampaniyasına məruz qalıb, daha sonra qondarma ittihamlarla 17 aydan çox həbs cəzası çəkib.

Gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovsa keçmiş prezident Heydər Əliyevin heykəli üzərinə siyasi şüar yazandan sonra narkotik ittihamıyla 10 illik cəza alıblar. Onlar polisdə dindirilmə zamanı zorlama təhdidləriylə üzləşdiklərini, döyüldüklərini bildiriblər.

Qeyd edək ki, hüquq-mühafizə orqanları bu iddiaları təkzib edir. Hakimiyyət təmsilçiləri ölkədə heç kəsin siyasi motivlə təqib olunmadığını, bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir

Daha çox göstər
Back to top button