Siyasət

İkiqat Avropa çempionu azadlıqdan məhrum edildi

”Qardaşıma görə həbs edildim”

Mayın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində ikiqat Avropa çempionu Renad Əliyevin işi üzrə məhkəmə iclası yekunlaşıb.

Meydan TV-nin məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Renad Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Renad Əliyev karatenin şotokan və vado ryu növləri üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsidir. Renad Əliyev ötən il oktyabrın 18-də həbs olunub. Ona satış məqsədilə narkotik maddələri saxlamaq ittihamı irəli sürülüb.

Renad Əliyev hazırda xaricdə olan Təfəkkür Universitetinin sabiq rektoru Riyad Əliyevin qardaşıdır.

R. Əliyev ittihamları qəbul etmir. O, qardaşına görə, həbs edildiyini, saxlanıldıqdan sonra əlinə qandal vurularaq Bakı şəhər Baş Polis İdarəsinə aparıldığını, oradakı liftdə arxa cibinə narkotik vasitə qoyulduğunu, istintaq zamanı ailə üzvləri ilə hədələnərək, istənilən formada ifadə verməyi tələb etdiklərini deyir.

Renad Əliyev qardaşı Riyad Əliyev uzun müddət həbsdə olub, daha sonra Almaniyaya gedib. Hazırda orada yaşayan Riyad Əliyev “Azereurotimestv” adlı sayt təsis edib. Həmin saytda Azərbaycan rəhbərliyi tənqid edilir.

Xatırladaq ki, “Freedom House” hüquq-müdafiə təşkilatı aprelin 28-də “Mətbuat Azadlığı-2017” adlı hesabatını açıqlayıb. Hesabatda 199 ölkədə və ərazidə mətbuat azadlığının səviyyəsi ölçülüb.

Azərbaycan dünyada mətbuat azadlığının ən pis durumda olduğu 10 ölkə arasında yer alıb.

“Azərbaycanda prezident İlham Əliyev rejimi müstəqil media və söz azadlığına qarşı illərdir davam edən təzyiqlərini, azacıq da olsa, azaltmayıb. Hakimiyyət periodik olaraq bir neçə tanınmış xəbər saytını, o cümlədən Meydan TV və AzadlıqRadiosu-nun saytlarını bağlayıb. Ölkə rəhbərliyi yerli medianın redaktə siyasətinə nəzarətinin miqyasını da sərgiləyib, ANS televiziyası ABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fethullah Gülen-in dediklərini yayımlamamışdan efiri bağlanıb. Hökumət bunu Bakıyla Ankaranın münasibətini korlamağa yönəlik “provokasiya” adlandırıb. Bu televiziyanın siyasi loyallığı belə Əliyev hökumətinin artan iqtisadi və diplomatik sabitsizliyi fonunda çəkisini itirib”, “Freedom House” bildirir.

Daha çox göstər
Back to top button