”İnsanlar ölkədən yoxsulluq və işsizlikdən xilas olmaq üçün gedirlər”
”Son iki ildə Azərbaycandan vətəndaşların axını güclənib. İnsanlar həm iş, həm də daimi yaşayış üçün xaricə üz tuturlar. Səbəb isə birdir – iqtisadi böhran, gəlirlərin azalması, sosial vəziyyətin pisləşməsi, siyasi təqib, perspektivsizlik. Köç istiqamətləri də müxtəlifdir. Əsasən, Türkiyə, Almaniya, Çexiya, Rusiya, Kanadanı seçirlər” – deyir, Real hərəkatının icra katibi Natiq Cəfərli.
Natiq Cəfərli deyir ki, UNİCEF-in hesabatı Dövlət Statistika Komitəsinin açıqlamasından müfəssəldir:
”Və daha geniş zaman kəsiyini əhatə edir. Belə ki, 1990-cı ildə daimi yaşayış üçün 7 min 217 nəfər ölkədən xaricə gedib. 2000-ci ildə isə bu göstərici 8 min 118 nəfərə çatdı. Onlar yoxsulluqdan, pulsuzluqdan, işsizlikdən xilas olmaq istəyirdilər. Həmin vaxt iqtisadiyyat “can verirdi”, çox cüzi əmək haqqı və pensiya verirdilər. Gənclər qazanc üçün kütləvi şəkildə Rusiya və digər ölkələrə gedirdilər”.
Bu haqda Meydan TV məlümatlandırır.