Qazaxıstanın pensiya fondunun pulları Azərbaycanda ‘batır’

Qazaxıstanın çökməkdə olan pensiya fondu yeni bir qalmaqalın hədəfinə çevrilib. Fondun Azərbaycana yatırdığı yüz milyonlarla dollar batmaq üzrədir.
Bu haqda eurasianet.org portalında Aktan Rysaliev yazır.
Özəl KTK televiziyası bu həftə xəbər verib ki, Vahid Pensiya Yığımı Fondunun (rusca qısa adı – ENPF) menecerləri Azərbaycan Beynəlxalq Bankına 70 milyard təngə (224 milyon dollar) yatırıb. Amma elə ötən həftə ABB beynəlxalq öhdəliklərini yerinə yetirə bilmədiyini bildirib və borclarının restrukturizasiyasından ötrü ABŞ-da məhkəməyə müraciət edib.
Məqalədə vurğulanır ki, hazırda Qazaxıstan parlamentinin üzvləri qəzəb içindədirlər və pensiya fondu rəhbərlərini səriştəsizlikdə ittiham edirlər. Axı bu yaxınlarda ABB-nin problemlər içində üzdüyünə dair xəbərdarlıq olunmuşdu.
İqtisadçı Rahim Oshakbaev deyir ki, ENPF 2014-cü ilin oktyabrında ABB-nin buraxdığı bondları alıb. Bundan beşcə ay öncə beynəlxalq reytinq agentliyi bu bondları yüksək riskli «Ba3» kateqoriyasına daxil etmişdi. Oshakbaev-in sözlərinə görə, hələ onda təhlilçilər bu sərmayənin risklərindən danışır, həmin bondların etibarsız olduğunu vurğulayırdılar.
Fevralda bankın reytinqi «B1» dərəcəsinə salındı ki, bu da onun qaçılmaz defoltunu xəbərləyirdi. Amma ENPF prinsipindən əl çəkməyib.
Pensiya Fondları Assosiasiyasının keçmiş sədri Aidar Alibaev KTK-ya deyib ki, ENPF-nin yatırdığı pulun batmaq ehtimalı böyükdür, çünki proses artıq nəzarətdən çıxıb.
İqtisadçı Oshakbaev-in hesablamalarına görə, ENPF kapitalının 20 faizi ümidsiz sərmayələrə qoyulub.
Məqalədə ENPF-nin başından qalmaqalın əskik olmadığı vurğulanır. Fondun menecerlərindən bir neçəsi dekabrda həbs olunub. Onlar mənimsəmədə, fondun ehtiyatlarından sui-istifadədə ittiham olunurlar.
Azərbaycan Beynəlxalq Bankdan deyiblər ki, bu məsələlərə mayın 23-ü Londonda xarici kreditorlarla keçirilən görüşdə aydınlıq gətiriləcək.
2016-cı ilin iyun ayına olan vəziyyətə görə, Azərbaycan Beynəlxalq Bankın aktivləri 8.3 mlrd. dollara yaxın olub. Müştərilərin hesabları da daxil olmaqla, öhdəliklərin ümumi məbləğinin 8 mlrd. dollar təşkil etdiyi bildirilir.
Mayın 11-də Azərbaycan hökumətinin bankın öhdəliklərinin dövlətə ötürülməsinə qərar verdiyi açıqlanıb. Bu öhdəliklərin cəmi məbləği barədə isə rəsmi bilgi verilmir.
2016-cı ildə bankın sağlamlaşdırılması ilə bağlı dövlət bu banka 3 milyard manat vəsait ayırıb.
Azərbaycan Beynəlxalq Bankı 3.3 mlrd. dollar həcmində borcun restrukturizasiyasına nail olmaq məqsədilə mayın 11-də Nyu-Yorkda məhkəməyə müraciət edib.