Ekonomika

Ekspert: ‘Azərbaycanda qiymət artımı 13,5 yox 25 faizdir’

İnflyasiya açıqlanan rəqəmdən yüksəkdir

“Yeni Müsavat” qəzetində “İqtisadçılar etiraz edir: “Real inflyasiya rəsmi rəqəmlərdən daha yüksəkdir”sərlövhəli məqalə oxumaq olar.

Müəllif rəsmi rəqəmlərə istinadən bildirir ki, bu ilin yanvar-aprel aylarında ötən ilin analoji dövrü ilə müqayisədə istehlak məhsulları və xidmət qiymətləri 13,5 faiz bahalaşıb. Ərzaq məhsulları 17,8 , qeyri-ərzaq məhsulları 12,5, ödənişli xidmətlər isə 8,7 faiz yüksəlib.

Ekspert Əkrəm Həsənov isə bu rəqəmlərlə razılaşmır:

“Təbii, bu, 13,5 faiz deyil, azı 25 faizdir…”.

Ekspert hesab edir ki, bahalanmaya səbəb bu malların çoxunun xaricdən gətirilməsidir, sahibkarlar valyuta risklərini qiymət artımı yolu ilə tənzimləyirlər.

Ə. Həsənova görə, əslində inflyasiya gözləntisi daha yüksək idi. Sadəcə, Mərkəzi Bank manat kütləsini kəskin azaltmaqla inflyasiyanı zəiflədib və devalvasiyanın qarşısını alıb:

“Amma bu proses çox çəkə bilməz, iqtisadiyyata pul lazımdır, buna görə də Mərkəzi Bank kreditləşdirməni davam edən kimi devalvasiya da baş verəcək, inflyasiya da daha yüksək olacaq”.

Ekspert Natiq Cəfərli isə ikirəqəmli inflyasiyanı ölkə iqtisadiyyatına çox ciddi təhdid sayır:

“İnflyasiya insanların real gəlirlərini ”yemək”lə məşğuldur. Hökumət açıqladı ki, ölkədə əhalinin gəlirləri 6 faiz artıb. Bu nominal artımdır, real artım yoxdur və inflyasiya bu nominal artımı da heçə endirir”.

N.Cəfərli deyib ki, ölkə əhalisi az qala qazancının 80 faizini ərzağa xərcləyir.

“Bu da ölkədə yoxsulluq göstəricilərindən biridir. Hökumət bunu da qəbul eləmir. Ancaq beynəlxalq praktikada hər bir insan gəlirlərinin 20 faizdən yuxarısını ərzağa xərcləyirsə, artıq o, kasıb sayılır”.

AzadlıqRadiosu

Daha çox göstər
Back to top button