Beynəlxalq

Avropa Məhkəməsi Azərbaycanla bağlı 5 iş üzrə kommunikasiya başladıb

”Hökumətə Konvensiyanın 3-cü maddəsinin pozulub-pozulmaması ilə bağlı suallar ünvanlanıb”

Avropa Məhkəməsi Azərbaycana qarşı daha bir neçə iş üzrə kommunikasiyaya başlayıb. Məlumatı vəkil Fariz Namazlı yayıb. O, həmin işlərdən ikisi ilə özünün məşğul olduğunu söyləyib:

“İşlərdən biri jurnalist Seymur Həzi ilə bağlıdır. O, 2010-cu il mayın 15-də aksiya zamanı həbs olunub. 7 gün inzibati həbs olunub. Həbsdə olduğu müddətdə işgəncəyə məruz qalıb. Həmin dövrdə İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov onun yanında olub. Seymur ona işgəncə barədə danışsa da, Behbudov bu barədə susub. Seymur həbsdən çıxdıqdan sonra “Azadlıq” qəzetində bununla bağlı köşə də yazmışdı. İşgəncə şikayətləri araşdırılmadığına görə Avropa Məhkəməsinə üz tutub. Bu iş üzrə ərizəçinin nümayəndələri mən və Rəşid Hacılıdır”.

Fariz Namazlı deyir ki, digər bir iş Məğrub Bədəlli barəsindədir. Ona qarşı 2010-cu ilin dekabrında CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başladılıb. Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalıb:

“Abdulla Yolbarsov işində o, Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalıb. Nümayəndəsi Xalid Bağırovdur. Daha bir iş isə Məmməd Əzizovla bağlıdır. O, 7 mart 2013-cü ildə MTN əməkdaşları tərəfindən həbs edildikdən sonra işgəncəyə məruz qalıb. Bu hadisədən əvvəl 9 yanvar 2013-cü ildə aksiyadan öncə Səbail RP-nin 9-cu PB-nin əməkdaşları tərəfindən tutulub və bölmədə səhərə qədər işgəncəyə məruz qalıb. Bu iş üzrə nümayəndə mənəm. Bir də Murad Adilovun işi var. O, 2014-cü il avqustun 11-də Sabirabad rayon Polis şöbəsinin və DİN-nin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub və sonradan işgəncəyə məruz qalıb. Bu iş üzrə nümayəndə isə Yalçın İmanovdur”.

Vəkil bildirir ki, Avropa Məhkəməsi bütün işlərdə Konvensiyanın 3-cü maddəsinin pozuntusunun baş verib- verməməsi ilə bağlı hökumətə suallar ünvanlayıb:

“Həziyev işində həmçinin 10-cu maddənin, Bədəlli işində 5.1, 5.4, 8-ci maddələrinin pozuntusu ilə bağlı suallar göndərilib”.

Daha çox göstər
Back to top button