Ekonomika

Moody’s Azərbaycanın reytinqini yenidən aşağı sala bilər

‘Bankların xilası çətinləşir”

Moody’s Investors Service (Moody’s), Azərbaycanın “neqativ” proqnozlu “Ba1” reytinqini yenidən aşağı salmaq üçün izləməyə götürüb.

Bu barədə “Marja”ya Moody’s-a istinadən məlumat yayıb.

Məlumatda Azərbaycanın kredit reytinqinin ötən ilin 29 aprelindən “Ba1” səviyyəsində olduğu qeyd olunub.

“Marja.az” yazır ki, reytinqin daha da aşağı salınması üçün nəzarətə götürülməsi Azərbaycan Beynəlxalq Bankının borcunun dövlətə ötürülməsidir:

“Moody’s hesab edir ki, bu addım böyük maliyyə xərclərinə gətirib çıxara, dövlətin maliyyə vəziyyətini pisləşdirə və Azərbaycanın iqtisadi inkişafının ləngiməsinə səbəb ola bilər. Kredit reytinqinin daha da aşağı salınması Azərbaycana investisiyaların daxil olmasını ləngidə və ölkə üçün kredit faizləri yüksələ bilər. Belə mənfi hallar manatın məzənnəsinə də mənfi təsir edə bilər. Azərbaycan Beynəlxalq Bankı xarici borclarını ödəyə bilmədiyi üçün mayın 10-də defolt (müflis) elan edilib. Bankın təxminən 3,3 milyard dollar xarici borcu dövlətə ötürüləcək. Beynəlxalq Bank böyük zərər içindədir. Səbəb manatın ucuzlaşmasıdır”.

Əmanətçilər pis vəziyyətdə qala bilər

Məlumatda bildirilib ki, hökumət Beynəlxalq Bankın borcları üçün istiqraz buraxaraq kreditorlara təqdim edəcəyini açıqlayıb. Moody’s agentliyi həmçinin gözləyir ki, hökumət bankın kapitalını da qaldırmaq üçün əlavə maliyyə ayıracaqdır. 3,3 milyard dollar xarici borc və bankın kapitalının artırılması üçün əlavə vəsait ölkənin maliyə görünüşünü pisləşdirə pilər. Beynəlxalq Bankın müflis olması və borclarını dövlətin üzərinə götürməsi digər banklar üçün maliyyə vəsaitinin mövcudluğunu ortadan qaldırır. Əgər digər banklarda da vəziyyət ağırlaşarsa, onların xilası çətinləşəcəkdir. Belə olan halda əmanətçilər pis vəziyyətdə qala bilərlər. Həmçinin büdcə vəsaitinin bir hissəsinin Beynəlxalq Bankın borclarına yönəldilməsi dövlət investisiyalarının təxirə salınması ilə nəticələnə bilər. Belə olan halda iqtisadiyyatın inkişafı da ləngiyə bilər.

“Moody’s gözləyirdi ki, ÜDM 2016-cu ildə 3.8 faiz azalmadan sonra 2017-ci ildə 1 faiz, 2017-ci ildə isə 1.8 faiz artım qeyd edə bilər. İndi agentlik bu proqnozların reallaşacağına da şübhə ilə yanaşır.

Moody’s hesab edir ki, Azərbaycanını bank sektorunda ödəmə vaxtı keçmiş kreditlərin həcmi yüksək olaraq qalır və kreditlərin ümumi həcminin 30 faizinə bərabərdir- məlumatda deyilir.

“Yaranmış vəziyyət manatı təzyiq altında saxlayır”,-deyə Moody’s bu cümləylə açıqlamanı yekunlaşıdırıb.

Daha çox göstər
Back to top button