Azərbaycan demokratiya yolundan çıxmağa davam edir: ABŞ ekspertləri
Vaşinqtonun V. Vilson adına mərkəzində keçirilmiş görüş zamanı Massaçusets Universitetinin professoru, tarixçi Odri Altştad Azərbaycan haqqında özü tərəfindən yazılmış ikinci kitabını təqdim edib. “Postsovet Azərbaycanında puç edilmiş demokratiya” adlı kitabın təqdimatında Dağlıq Qarabağ məsələsinə də toxunulub. Bu haqda “Amerikanın səsi” məlumat verir.
“Freedom House” hüquq-müdafiə təşkilatının son hesabatında 199 ölkədə və ərazidə mətbuat azadlığının səviyyəsi ölçülüb. Azərbaycan dünyada mətbuat azadlığının ən pis durumda olduğu 10 ölkə içində yer alıb. “Dünyada mətbuat azadlığının ən pis səviyyədə olduğu Avrasiya regionunda avtokratik rejimlər ötən il xəbər mediası üzərində tam nəzarəti saxlayıb, ifadə azadlığına, demək olar, yer qoymayıb. Orta Asiya ölkələrində dəyişən bir şey yoxdur. Azərbaycan və Rusiya hökumətləri isə tənqidi jurnalistikanın olan-qalan nəfəsliklərini də daralıb”, – hesabatda vurğulanır.
Müəllif Qərb demokratiya modelini qəbul etdiyini elan edən, daha sonra isə korrupsiyaya uğramış avtoritarizmə gəlib çıxan yeni müstəqil və neftlə zəngin keçmiş sovet respublikasında gedən prosesləri izləyir. Müəllif bu proseslərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına da təsir etdiyini düşünür.
“Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda hakimiyyətin tədbiq etdiyi ritorika nəticəsində çox siyasiləşdirilmişdir. Bu səbəblə də hakimiyyətdən birinin danışıqlar masasına qoşulub kompromislərə gedə biləcəyini düşünmürəm”,-deyə professor Riçard Kauzlariç qeyd edib.
Onun sözlərinə görə, bu proseslərdə xalqın da iştirak olunması lazım, lakin xalqa qarşı törədilən yasaqlar üzündən bu hələ ki mümkün deyil.