Azərbaycanda qiymətlər daha 15 faiz bahalaşacaq-proqnoz
«Exo» qəzetində «Yaya olan proqnoz: Azərbaycanda kənd təsərrüfatı məhsulları daha 15 faiz bahalaşacaq» sərlövhəli məqalə oxumaq olar.
Ekspert Nəriman Ağayev qəzetə deyib ki, keçən yay ilə müqayisədə bu yay bitkiçilik məhsulları ən azı 15 faiz bahalaşacaq:
«Təəssüf ki, qiymət bahalaşmasından qaçmaq mümkün deyil və bunun bir neçə səbəbi var. İlk növbədə bu onunla bağlıdır ki, yerli fermerlər məhsullarını bazarlara özləri çıxarmırlar. Məhsulu ikinci ələ ucuz qiymətə satırlar, onlar isə öz növbəsində qiymətləri qaldırırlar».
N.Ağayevin fikrincə, bundan əlavə aqrar məhsulların qiymətlərinin bahalanmasının obyektiv səbəbləri də var. Bura gübrə, nəqliyyat xərclərinin bahalanması aiddir.
Ekspert vurğulayır ki, bütün gübrə vasitələri xaricdən valyuta ilə alınır.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da bu yay meyvə-tərəvəz məhsullarının bahalaşacağını proqnozlaşdırır:
«Bunu da artıq bu gün əminliklə söyləmək olar ki, Azərbaycanda bir dəfə qalxan qiymət heç vaxt enmir. Təəssüf ki, ölkədə bu gün reallıqlar belədir. Bu isə ilk növbədə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində hökumətin siyasətinin səmərəsiz olması ilə bağlıdır».