İctimaiyyət

Qiyas İbrahimovun anası beynəlxalq aləmə müraciət etdi

Həbsdə olan gənc fəal Qiyas İbrahimovun anası Şura Əmiraslanova Ombudsman Aparatı, Beynəlxalq Qızıl Xaç Komitəsi, beynəlxalq təşkilatlar, ölkədəki səfirliklər və beynəlxalq hüquq müdafiəçilərinə müraciət ünvanlayıb.

Müraciətdə bu gün Azərbaycanda xeyli sayda siyasi məhbus olduğu bildirilir:

“Gələcəkdə onlardan bəhs edəndə, biz indi yaşadığımız dövrdən narazı olsaq da, məhz bu insanların mübarizəsindən heyranlıqla danışacağıq. Bilirəm, oğlum Qiyas da o sırada olacaq. Bundan əmin olduğum üçün də onunla qürur duyuram”.

Şura Əmiraslanova deyir ki, oğlu Qiyas yüzlərlə haqqı  tapdanıb, qul vəziyyətinə salınmış gənclərin dili, gözü olub:

“O, yaşadığı ölkədə dərin quyuya salınıb, zülmətə həbs etmək istədikləri işığı ordan çıxarmaq, o işığı zalımlardan xilas edib yenidən Azərbaycana qaytarmaq istəyirdi. Buna görə indi onun öz gözlərini işıqsız qoymaq istəyirlər. Bir neçə gün əvvəl Qiyasın solmuş, saxta  ittihamlarla dolu sənədləri oxuya bilməyəcək qədər gücdən düşmüş gözlərini görəndən bəri nələr yaşayıram, nələr düşünüb, hiss edirəm, bunu anlada bilmirəm. Tək bildiyim odur ki, Qiyasdan qisas alırlar. Tək bildiyim o ki, Qiyasın gələcəyini, azadlığını, ölkəsinin sərvətlərini oğurlayanlar indi də onun gözlərinin işığını oğurlamaq istəyirlər”.

Müraciətin sonunda Şura Əmiraslanova üzünü dünyanın insanpərvər qüvvələrinə tuturaq onlardan oğlunun gözlərinin işığını qorumaq üçün fəaliyyətə keçmələrini rica edir:

“Qiyasın gözlərinin nurunu sönməyə qoymayın. Onlar təkcə Qiyasın gözlərinin deyil, bu məmləkətdə  gələcəyini qurmaq üçün azadlıq himnini oxumaq istəyən minlərlə gəncin gözlərinin işığıdır.  Qiyas və bu gün onun kimi haqsızlığa etiraz edib həbslərdə olanların  pozulmuş haqqı naminə, bu ölkədə azadlıq və ədalət istəyən insanları bu zalım rejimin qarşısında tək qoymayın. Qiyasın gözlərinin işığını qorumaq üçün ona yardım edin ki, o da bu ölkənin işıqlı gələcəyi üçün mübarizəsinə davam edə bilsin”.

Daha çox göstər
Back to top button