Xarici dövlət borcu Maliyyə Nazirliyinin dediyindən çoxdur

Hesablama Palatası hökumətə irad tutaraq bildirir ki, o, dövlət zəmanətlərinin reyestrində olan borc öhdəliklərinin bir hissəsini dövlət borcu kimi göstərməyib. Söhbət «Azərkosmos» ASC, «Baku Bus» MMC, «Azərbaycan Dəmir Yolları» QSC, «Azərişıq» ASC və s. təşkilatların borc öhdəliklərindən gedir. Borcun məbləği isə gizli qalır.
2016-cı il üzrə dövlət büdcəsinə rəyində Palata xarici dövlət borcunun MN-nin təqdim etdiyi rəqəmlərdən daha yüksək olduğunu vurğulayır.
Büdcə məsələləri üzrə ekspert Rövşən Ağayev deyir ki, dövlət şirkətlərinin, xüsusən SOCAR-ın borcları dövlət zəmanəti ilə alınmır və bu borclar dövlət borcu statistikasına daxil edilmir.
«Ümumiyyətlə, bizdə xarici borc statistikasına yanaşma dəyişməlidir. Bunun üçün Mərkəzi Bank rübdə bir dəfə ölkənin investisiya mövqeyini açıqlamalıdır. İnvestisiya mövqeyində həm hökumətin, həm bütövlükdə dövlət sektorunun (dövlət zəmanəti verilən və verilməyən borcların məcmusu), həm bank sektorunun, həm də qeyri-maliyyə sektoruna aid bütün özəl sektorun xarici aktivləri və öhdəlikləri aydın görünür. Məsələn, Rusiya Federasiyasının xarici borcları dedikdə, bu ölkənin bütün subyektlərin borcu başa düşülür. Rusiya hökumətinin xarici borcu dedikdə isə, yalnız hökumətin borcları təqdim edilir. Odur ki, bizdə də Azərbaycan Respublikasının borcları və hökumətinin borcları ayrıca açıqlanmalıdır», – ekspertin fikirləridir.
Maliyyə Nazirliyinin hesabatına görə, bu ilin əvvəlinə xarici dövlət borcunun məbləği 12 milyard 241.3 milyon manatdır. Hökumət indiyədək 10 milyard 931.8 milyon ABŞ dolları həcmində, və ya ÜDM-nin 32.3 faizi qədər borc götürüb. Bunun 8.4 milyard dolları istifadə olunur. 2016-cı ildə kredit sazişləri üzrə borclar 604 milyon dollar artıb.