İctimaiyyət

Gözəl Bayramlının həbsinə ictimaiyyətdən sərt reaksiya

Gözəl Bayramlının həbsi ictimaiyyətin ciddi təpkisinə səbəb olub. Bir çox ictimai-siyasi xadim sosial şəbəkə hesabından onun qanunsuz həbsinə münasibət bildirib.

Bu haqda Azadliq.info yazır.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri, hüquq-müdafiəçisi Anar Məmmədli Gözəl Bayramlının həbsinin təkcə bir partiyaya deyil, ümumilikdə, ölkənin demokratikləşməsinə zərbə olduğunu qeyd edib: “Gözəl xanım kimi siyasətçilər bizim kimi mühafizəkar ölkələrdə qadınların ictimai-siyasi fəaliyyətə həvəslənməsi, ölkənin ictimai həyatında qadınların iştirakının artması və demokratikləşmə prosesinə qadınların cəlb olunmasına ciddi töhfə verirlər. Belə bir insanın azadlıqdan məhrum edilməsi təkcə bir partiyaya və ya müxalif düşərgəyə deyil, demokratikləşmə və çağdaşlaşma prosesinə zərbədir.
Azadlıq Gözəl xanımın haqqıdır, ona azadlıq tələb edirəm!”

Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli hakimiyyətin siyasi rəqiblərinə qarşı hüquqsuz addımlarına son qoymağa çağırıb:

“Siyasət də, hüquq da əxlaqı sevir. Bu sahədə olan şəxslər istər rəqiblərinə, istər hüququ tətbiq etməli olduqları vətəndaşlara qarşı hüquq və əxlaq çərçivəsində davranmalıdır.
Xanımların siyasətdə az olmasının səbəblərindən biri də yəqin ki, rəqiblərin əxlaq çərçivəsində hərəkət etmə qabiliyyətlərinin yoxluğudur…
Bütün çətin şərtlərə baxmayaraq bir müxalifət partiyasında sədr müavini kimi fəaliyyət göstərən Gözəl Bayramlının “ənənəvi” metodla saxlanması utancverici davranışdır.
Bu metod heç kimə, nə iqtidara, nə də onun imicinə bu tip hərəkətləri ilə “xidmət edən” maşalarına hörmət gətirməz.
Ayrıca, vətəndaşı qorumalı olan dövlətin səlahiyyətlərindən sui-istifadə edərək siyasi rəqiblərini meydandan “təmizləmək” hüququ çeynəmək, dövlət otoritəsini yox etməkdir.
Bütün qanunsuzluqlara son qoyulmalı, Gözəl Bayramlı dərhal sərbəst buraxılmalıdır. Ayıbdır!”

 

Daha çox göstər
Back to top button