İctimaiyyət

Xəyanətdə suçlanan hərbçinin ailəsindən xəbərsiz dəfn edildiyi bildirilir

Vətənə xəyanətdə suçlanan daha bir hərbçinin yaxınlarının iştirakı olmadan dəfn edildiyi bildirilir. O, Ucarın Şahlıq kəndinin sakini, 1985-ci il doğumlu Elçin Qulu oğlu Mirzəliyevdir.

Meydan TV-yə bu barədə məlumatı kənd sakinləri verib. Onlar Elçin Mirzəliyevin 2 gün öncə, mayın 25-də naməlum şəraitdə öldürüldüyünü deyiblər:

”Dünən, mayın 26-da hərbçilər onun meyitini kəndə gətirdilər və yaxınlarının iştirakı olmadan, gizli dəfn etdilər. Onun ölümü ilə bağlı hər hansı bir açıqlama verməyiblər”.

Meydan TV bunun doğru olub-olmamasını yoxlamaq üçün Ucar rayonunun Şahlıq Kənd Bələdiyyəsi ilə əlaqə saxlayıb. Bələdiyyə sədri Arif Əhmədov Elçin Mirzəliyevin dünən dəfn edildiyini söyləyib.
Onun hansı şəraitdə ölməsinə gəlincə, bələdiyyə sədri ”yaxşı olmayıb, xoşagələn iş deyil”, – deməklə kifayətlənib.

Arif Əhmədov Elçin Mirzəliyevin dəfnində ailəsinin, dayısının iştirak etdiyini də söyləyib:

”Dəfn gizli olmadı, hamı orada idi. Gündüz dəfn edildi. Qohumları da iştirak edirdilər”.

Müddətdən artıq hərbi xidmət keçmiş Tərtər sakini Elçin Quliyev də erməni kəşfiyyatçıları ilə məxfi əməkdaşlıqda suçlanırdı. Mayın 18-də onun meyiti Tərtərə gətirilib, ailəsinə təhvil verilib. Ancaq ailəsinə onun ölümünün səbəbi açıqlanmayıb. Bu barədə Meydan TV-yə Elçin Quliyevin əmisi danışıb. O, adının mətbuatda hallanmasını istəməyib.

Əmi bildirib ki, hadisə zamanı Tərtərdə olmayıb, dəqiq məlumatı yoxdur: “Bakıda xəstəxanada yatırdım. Dedilər ölüb, gəlmişik. Hazırda yasıdır. Özümüz də bilmədik nə məsələdir, açıqlama verməyiblər. Bir də eşitdik ki, uşağı öldürüblər. Eləcə dəfn etmişik, yasını veririk”.

Ailə bildirir ki, onlara olan bitənlərlə bağlı heç bir məlumat verilməyib: “Ətraflı nəsə deyən olmayıb. Nə olub, nə baş verib, uşaq niyə ölüb, bilmirik. Təkcə onu dedilər ki, iş araşdırılır. Dəqiqləşəndən sonra bizə Elçinin hansı zəmində vəfat etdiyini deyəcəklər yəqin”.

 

Daha çox göstər
Back to top button