İctimaiyyət

Əfqan Muxtarlı həbs edilərək Bakıya gətirilib

Vəkilinə Dövlət Sərhəd Xidmətində olduğunu deyib

Jurnalist Əfqan Muxtarlı həbs edilərək Bakıya gətirilib. Bu barədə Meydan TV-yə vəkil Nemət Kərimli məlumat verib. Onun sözlərinə görə, Əfqan Muxtarlı ona zəng edərək Dövlət Sərhəd Xidmətində olduğunu deyib.

Gürcüstanın paytaxtı Tbilisidə yaşayan jurnalist Əfqan Muxtarlı mayın 29-da, axşam saatlarında “yoxa” çıxıb. Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Leyla Mustafayeva məlumat verib. Onun sözlərinə görə, həmin gün axşam saat 7 radələrindən etibarən Əfqanın telefonuna zəng çatmır. L.Mustafayeva artıq polisə ərizə ilə müraciət etdiklərini deyir.

Əfqan Muxtarlı Azərbaycan hakimiyyətini tənqid edən fikirləri ilə tanınır. Bir müddət öncə hakimiyyətyönlü “haqqın.az” saytı Gürcüstanda yaşayan fəal azərbaycanlılarla bağlı məqalə yazmışdı. Həmin məqalədə adı çəkilən şəxslərin Azərbaycan əleyhinə fəaliyyət göstərdiyi vurğulanırdı. Adı hallandırılan şəxslərdən biri də Əfqan Muxtarlı idi.

Bundan əvvəl məqalədə adı keçən daha iki nəfər – professor Fərman Ceyranlı və AXCP sədrinin müavini Gözəl Bayramlı həbs olunublar.

Artıq Gürcüstanda fəaliyyət göstərən İnsan Haqları Evinə Əfqan Muxtarlının yoxa çıxması ilə bağlı məlumat verilib. Gün ərzində məsələ ilə bağlı mətbuat konfransının keçiriləcəyi gözlənilir.

Daha çox göstər
Back to top button