İctimaiyyət

“Gürcüstan Əfqan Muxtarlı ilə bağlı izahat verməlidir”

Sərhədsiz Reportyorlar (RSF) təşkilatı Gürcüstan hökumətini izahat verməyə çağırır ki, Gürcüstanda mühacirət həyatı yaşayan jurnalist Əfqan Muxtarlı necə olub ki, oğurlanaraq qonşu Azərbaycana aparılıb.

Gürcüstanda yaşayan Əfqan Muxtarlı dünən (30 may) gözlənilmədən Dövlət Sərhəd Xidmətinin nəzarəti altında Bakıda üzə çıxıb. O, Tbilisidə həmkarlarını tərk edərək evə yola düşdükdən sonra yoxa çıxıb.

Gürcüstan hökuməti izahat verməlidir

“Gürcüstan hökuməti Əfqan Muxtarlının başına nə gəldiyinə dair izahat verməli və Gürcüstandakı digər mühacirlər üçün təhlükəsizliyi təmin etməlidir. Muxtarlını xarici əməliyyatçılar oğurlayıb, yoxsa Gürcüstanın təhlükəsizlik orqanları Azərbaycana köməklik göstərib? Bunun fərqi yoxdur. Hər iki halda bu, çox dəhşətli hadisədir”, – Sərhədsiz Reportyorların (RSF) Şərqi Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Yohan Bihr deyib.

Dünən (30 may) saxlanma yerində Muxtarlını ziyarət etməyi bacaran vəkil Elçin Sadıqovun bildirdiyinə görə, onun üzündə zərbə izləri mövcuddur və o, düşünür ki, onun qabırğalarından biri sınıb.

Muxtarlı deyib ki, o, evinin yaxınlığında oğurlanıb, maşına salınıb və əl-qolu bağlanaraq döyülüb. Onu oğurlayanlar onlar Tbilisini tərk etdikdən sonra Muxtarlının başına torba keçirib. Onlar maşını iki dəfə dəyişiblər. Azərbaycan sərhədində Muxtarlının ciblərinə 10 min avro pul qoyulub ki, sonra ona qarşı qaçaqmalçılıq, sərhədi qanunsuz keçmə və polisə müqavimət ittihamları irəli sürə bilsinlər.

O deyib ki, onu oğurlayanların gürcü olduğu hiss edilirdi, amma son iki maşındakı sərnişinlər Azərbaycan dilində danışıblar. Onun vəkili Muxtarlının tibbi müayinədən keçməsini və sərhəd postunun müşahidə kameralarının görüntülərinin işə əlavə olunmasını istəyib.

Əfqan Muxtarlı təhlükədədir

Bihr əlavə edib: “Biz pis davranış və işgəncəyə məruz qaldığı ehtimal edilən Əfqan Muxtarlının dərhal azad edilməsini tələb edirik. Müstəqil jurnalistlərə qarşı saxta ittihamlar irəli sürülməsi Azərbaycanın standart praktikasıdır. Prezident İlham Əliyevin rejimi bir daha nümayiş etdirdi ki, o, sərhədlərdən kənarda da problemlər törətmək iqtidarındadır. İndi tam zamanıdır ki, tələb olunan sərtliklə rejimə cavab verilsin.”

Araşdırmaçı jurnalist və aktivist Muxtarlı 2014-cü ildə ölkənin vətəndaş cəmiyyətinə olan basqılara görə Azərbaycandan qaçıb. O, Meydan TV və Tbilisidə yerləşən IWPR ilə əməkdaşlıq edib.

O, axırıncı dəfə mediaya yaxından izlənildiyini, özünün və Gürcüstanda yaşayan digər Azərbaycan mühacirlərinin həyatı üçün narahat olduğunu deyib. Mayın əvvəli Tbilisinin düşmən təxribatçıların mərkəzi kimi təsvir edildiyi hökumətyönlü saytın məqaləsində Əfqanın da adı çəkilib.

Gürcüstan vətəndaş cəmiyyəti təmsilçiləri çevik reaksiya verərək Tbilisidəki hökumət evinin qarşısında izahat tələbilə nümayiş keçirib. Gürcüstan daxili işlər naziri bu gün (31 may) bəyan edib ki, Muxtarlının “qanunsuz qaçırılması” ilə bağlı istintaq başladılıb və bu iş Azərbaycan hökuməti ilə birgə nəzərdən keçiriləcək.

Sərhədsiz Reportyorların (RSF) Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 64-cü yeri tutan Gürcüstan siyahıda 162-ci yeri tutan Azərbaycanda təqiblərdən qaçan jurnalistlər üçün son dövrlərdə təbii sığınacaq kimi görülüb.

Azərbaycanda pluralizmin bütün formalarını məhv etdiyi bəs deyilmiş kimi,  prezident Əliyev 2014-cü ildən bəri ölkədə qalan tənqidçilərə qarşı amansız müharibə aparıb. Hazırda ən azı 15 jurnalist, bloqqer və media işçisi xəbər və informasiya çatdırmaq fəaliyyətlərinə görə həbsdədir.

Daha çox göstər
Back to top button