Əhalinin təbii artım göstəricisi sürətlə azalır
Əgər hazırkı siyasətdən tezliklə imtina olunmazsa, əhalinin sayı azalmağa başlayacaq. Hazırkı şərtlər altında bu çox real görünür.
Bunu iqtisadçı-ekspert Nemət Əliyev deyib.
O, qeyd edir ki, 15-29 yaş qrupuna daxil gənclərin sıra sayı yalnız 2016-cı il ərzində 62 min 200 nəfər azalıb. Dövlət Statistika Komitəsinin müxtəlif yaş qruplarına daxil əhali sayı haqqında yeni məlumatlarından bunu görmək olur.
Hətta ermənilərlə müharibənin qızğın çağları hesab olunan 90-cı illərin əvvəllərində belə gənclərin ümumi sayının bu dərəcədə azalması halına rast gəlinməyib.
Buradakı azalmanın 50%-i 20-24 yaşlı gənclərin, 47%-i 15-19 yaşlı gənclərin, 3%-i isə 25-29 yaşlı gənclərin hesabınadır.
20-24 yaşlı cavanlarımızın sıra sayının son 6 ildə 104 min nəfər və ya 11% seyrəlməsindən də ibrətamiz nəticə çıxarılmalıdır.
Bundan başqa ötən il “0-4”, “10-14”, “45-49”, “50-54” yaş qrupları üzrə əhali sayında da azalma yaşanıb.
Nemət Əliyev bildirir ki, digər yaş qruplarının hesabına əhali sayında ümumi artım tempini ötən il qoruyub saxlamaq mümkün olub.
Lakin 2017-ci ilin I rübündə yaşananlar növbəti illərdə bu müsbət tempin saxlanacağına olan ümidləri sarsıdır. Belə ki, bu ilin birinci rübündə əhalinin təbii artım göstəricisi ötən ilə nəzərən 22% azalıb. Bu sonuncu rüsvayçı nisbi göstəriciyə ötən əsrin əllinci illərindən bu yana hələ rast gəlinməyib.
Sadə proqnoz hesablamaları göstərir ki, əgər I rübdə təbii artım göstəricisi üzrə müşahidə olunan mənfi tendensiya və miqrasiya saldosu sabit qalarsa, yəni dəyişməzsə, o zaman 2022-ci ildən sonra ölkə əhalisinin sayı azalmağa başlayacaq. Cari ildə müşahidə olunan mənfi proseslər sonrakı dövrlərdə sürətlənərsə, prosesin başlanması üçün gərəkən 5 illik müddət daha da qısalacaq.