İctimaiyyət

Azərbaycanda insan haqları sahəsində uzun illərdir mövcud olan acınacaqlı vəziyyət son bir neçə ayda daha təhlükəli və dözülməz hal alıb

Milli Şura ölkədə insan haqları sahəsində son baş verənlərlə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:

Azərbaycanda insan haqları sahəsində uzun illərdir mövcud olan acınacaqlı vəziyyət son bir neçə ayda daha təhlükəli və dözülməz hal alıb. Bu, ölkə başçısı İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanı birinci vitse prezident təyin etdiyi fevral ayından bəri olan dövrü əhatə edir. Açıq-aşkar görünür ki, ölkədə ailə hakimiyyətini gücləndirmək, qeyri-rəsmi monarxiyanı bərqərar etmək naminə cəmiyyəti daha sərt şəkildə qorxutmaq yolu seçilib.

Dövlət orqanlarının əli ilə ağır cinayətlər törədilir, hakimiyyətin tənqidçilərinə, müxalifət təmsilçilərinə qarşı inzibati terror hətta ölkə sərhədlərini də aşır.

Mayın 30-da Azərbaycanın tanınmış müxalifətçi fəalı, araşdırmaçı jurnalist Əfqan Muxtarlı xeyli vaxtdır siyasi mühacir kimi sığındığı Gürcüstanın paytaxtı Tbilisidə oğurlanaraq, Bakıya gətirilib və guya sərhədi qanunsuz keçmək və qaçaqmalçılıq etmək ittihamları ilə həbs olunub. Təəssüf ki, Azərbaycan hakimiyyətinin bu faktiki adam oğurluğu əməliyyatına dünyada demokratik hakimiyyət kimi tanınıb hörmət bəslənilən Gürcüstan hakimiyyəti də şəriklik edib və bu ləkəni üzərindən təmizləmək vəzifəsi onun qarşısında durur.

Bundan 4 gün qabaq – mayın 26-da isə AXCP sədrinin müavini və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ölkənin ən populyar xanım siyasətçilərindən biri Gözəl Bayramlı Gürcüstandan müayinədən qayıdarkən Azərbaycan sərhədində saxlanılıb və guya üzərində bəyyannamədə göstərilməyən 12 min dollar tapılıb şərləməsi ilə (pulu onun çantasına sərhəd-buraxılış məntəqəsində əməliyyatçıların özləri atıb) məhkəmə qarşısına çıxarılaraq barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qərarı verilib.

Bu iki hadisəni birləşdirən bir əlamət var ki, bu da Dövlət Sərhəd Xidmətinin də artıq inzibati terrorun alətlərindən birinə çevrilməsidir.

Həm Gözəl Bayramlıya, həm də Əfqan Muxtarlıya qarşı atılan addımlar şübhəsiz ki, Azərbaycan ailə hakimiyyətinin ən yuxarı qatından verilən siyasi sifarişlə həyata keçirilib və onları mövqelərinə, fəaliyyətlərinə görə cəzalandırmağa xidmət edir. Təsadüfi deyil ki, Gözəl Bayramlı saxlanılarkən səhhətində ciddi problemlərin olması nəzərə alınmayıb, onunla kobud rəftar olunub, özü ilə gətirdiyi həkim təyinatlı dərmanları belə əlindən alınıb, 2 gün ac saxlanılıb, məhkəməsi gecə saat 1-ə qədər yubadılıb və bütün bunlar xanım siyasətçiyə mənəvi-fiziki işgəncə verməyə hesablanıb. Eləcə də Əfqan Muxtarlı oğurlanarkən fiziki zorakılığa məruz qalıb.

Milli Şura Gözəl Bayramlının və Əfqan Muxtarlının həbsini qətiyyətlə pisləyir, onların təcili azad olunmasını tələb edir.

 

Daha çox göstər
Back to top button