”Qırmızı Xaç Komitəsinə Əfqan Muxtarlı ilə görüş imkanı verilmir”

”Bu addım onun bədənində olan işgəncə hallarının gizlədilməsinə xidmət edir”
Hüquq müdafiəçisi Oqtay Gülalıyev mayın 29-da Tbilisidə həbs olunaraq Bakıya gətirilən jurnalist Əfqan Muxtarlıya işgəncə veriləcəyindən narahatdır.
Bu haqda Azadliq.info məlümat verir.
O, fikrini Qırmızı Xaç Komitəsi nümayəndələrinin Əfqan Muxtarlı ilə görüşünə imkan verilməməsi ilə əsaslandırır.
Hüquq müdafiəçisi bu barədə “Facebook”-da yazıb.
“Mayın 29-da Tbilisidən oğurlanaraq işgəncə altında, gizli yollarla Bakıya gətirilən və absurd ittihamlarla həbs edilən jurnalist Əfqan Muxtarlı beynəlxalq təşkilatlardan gizlədilir. Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin onunla görüşünə imkan verilməyib. Bakı İstintaq Təcridxanasından Əfqan Muxtarlının orada olmadığı deyilib. Əslində Təcridxana rəhbərliyi BQXK nümayəndələrinə yalan deyib, Əfqan Muxtarlı adıçəkilən həbs yerində saxlanılır. Maraqlıdır ki, məhbusların taleyinə cavabdeh olan və həmişə şəffaflıqdan, sivil idarəetmədən, qanunçuluqdan dəm vuran Penitensiar Xidmət Əfqan bəyin hansı Təcridxanada saxlanmasını konfidensial sayaraq bunun dustağın razılığı olmadan açıqlanmasını mümkünsüz hesab edib”, – deyə Gülalıyev bildirir.
Hüquq müdafiəçisinin sözlərinə görə, BQXK əməkdaşlarının Əfqan Muxtarlı ilə görüşünə imkan verilməməsi, onun üzündə və bədənində olan işgəncə hallarının gizlədilməsinə, cinayətin ört- basdır edilməsinə xidmət edir:
“Biz fürsətdən istifadə edib başda Qırmızı Xaç Komitəsi olmaqla həbs yerlərinə girmək mandatı olan bütün beynəlxalq və yerli təşkilatları Əfqan bəyi ziyarət etməyə, jurnalistin sağlıq durumu ilə maraqlanmağa, onun müalicəsinə dəstək olmağa çağırırıq. Biz onun taleyindən çox narahatıq!”
Oqtay Gülalıyev hesab edir ki, vəkillər məhbus jurnalistlə tez-tez görüşməlidirlər.