İctimaiyyət

Azərbaycan siyasi məhbus göstəricisinə görə dünya birincisi oldu

Avtoritar liderlər azad cəmiyyətlərə getdikcə daha çox təhlükə yaradır. Onlar 21-ci əsrin dominant idarəçilik sistemi olan liberal demokratiyaya daim güclü meydan oxuyurlar.

Avtoritar rejimlərin hamisi – Rusiya

«Freedom House» insan haqları təşkilatının iyunun 5-də açıqladığı «Demokratiyanın belinin qırılması (dağıdılması, zəiflədilməsi): Məqsədlər, strategiyalar və süasir avtoritarizmin metodları» adlı hesabatında belə yazır.

Hesabatda deyilir ki, Rusiya, Çin və digər repressiv rejimlər öncəki totalitar sistemlərin edə bilmədiklərini gerçəkləşdirə biliblər. Necə? Daha yaxşı cilalanmış və incələnmiş nəzarət strategiyaları, açıq cəmiyyətlərin istismarı, demokratik ölkələrdə qeyri-liberal siyasətlərin yayılması sayəsində. Hesabatda müasir avtoritarlığın özünü necə müdafiə və təbliğ etməsindən də söz açılır. Belə ki, fərqli regionlardan olan, fərqli cəmiyyətlərə malik rejimlər siyasi nəzarət texnikalarını bir-birindən mənimsəyirlər.

«Freedom House» Vladimir Putinin rəhbərliyi altında Rusiyanın müasir avtoritar rejimlərin inkişafında nəhəng rol oynadığını vurğulayır. Bu, özünü özəlliklə də mediaya nəzarətdə, propoqanda, vətəndaş cəmiyyətinin boğulmasında, siyasi plüralizmin zəiflədilməsində göstərir. Rusiya demokratik qurumların yarandığı, korrupsioner liderlərin sıxışdırıldığı qonşu ölkələrə qarşı aqressiv mövqe tutub.

Azərbaycan, Venesuela və Anqola…

Hesabatda Azərbaycanın adı bir neçə məqamda çəkilir. Məsələn, vurğulanır ki, demokratik ölkələrdən siyasi konsultant və lobbiçilər avtokratiyaların maraqlarının təmsilinə cəlb olunur və bu fenomen güclənməkdədir. Rusiya, Qazaxıstan, Azərbaycan, Türkiyə, Efiopiya və Yaxın Şərqin, demək olar, bütün avtokratik ölkələri bu təcrübəyə əl atır.

 «Vəkillər və hüquqşünaslar, adətən, diktaturaları dolayısıyla, dövlətə məxsus şirkətlər vasitəsilə təmsil edirlər. Çinin bir sıra dövlət şirkətləri böyük demokratik ölkələrdə hüquqi və siyasi müşavirləri işə cəlb edib. Azərbaycan, Venesuela və Anqola kimi neftlə zəngin ölkələrsə bunu dövlətə məxsus enerji korporasiyaları vasitəsilə edir», – hesabatda vurğulanır.

«Bu yaxınlaradək Azərbaycanı Vaşinqtonda, Londonda və Brüsseldə hüquqşünaslar, siyasi əməliyyatçılar və ictimai münasibətlər üzrə mütəxəssislər batalyonu təmsil edirdi. Onlardan bəziləri dövlət neft şirkəti üçün çalışırdı, digərlərini birbaşa hökumət işə götürmüşdü və administrasiya, Konqres üzvləri, beyin mərkəzləri, Birləşmiş Ştatlarda siyasi fikri formalaşdıran digər qurumlar qarşısında rejimin insan haqları pozuntularını əsaslandırmağa çalışırdılar», – «Freedom House» bildirir.

Əliyevlər ailəsi siyasi hakimiyyəti monopoliyaya alıb

Qurum bildirir ki, bir sıra ölkələrdə səsvermə nəticələri totalitar və xunta quruluşlu dövlətlərdə açıq-aşkar saxtalaşdırılan seçkiləri xatırladır. Məsələn, Azərbaycanda İlham Əliyev, Belarusda Aleksandr Lukaşenko seçkiləri dəfələrlə udublar, özü də səslərin 80 faizindən çoxunu toplamaqla. Efiopiyada hakim Xalq İnqilabi Demokratik Cəbhəsi son parlament seçkisində yerlərin hamısını qazanıb.

«Müasir avtoritarlığın daha incə və sınanmış metodları işlənib hazırlanıb. Ancaq bir sıra rejimlər özlərinin plüralizm və açıqlıq, eləcə də qlobal iqtisadiyyata inteqrasiya iddialarına zərbə vuran köhnə taktikalara qayıdıblar. Moskva iqtisadi sanksiyalara baxmayaraq, Ukraynaya hərbi müdaxiləni davam etdirib… Azərbaycanda prezidentin həyat yoldaşı Birinci vitse-prezident təyin olundu və bununla da Əliyevlər ailəsinin siyasi hakimiyyəti monopoliyaya alması ağrılı şəkildə üzə çıxdı», – qurum bildirir.

Ən böyük pozuntuya yol verən Azərbaycandır

Hesabatda siyasi məhbus anlayışının da artıq geri qayıtdığı qeyd olunur.

«Bu sahədə ən böyük pozuntuya yol verən Azərbaycandır. 9.4 milyon əhalisi olan, prezident İlham Əliyevin rəhbərlik etdiyi bu ölkədə adambaşına dünyada ən çox siyasi məhbus düşür. Təsdiqlənmiş rəqəmlərə görə, 2015-ci ildə ölkədə 80-dək siyasi məhbus varıydı. (Qeyd edək ki, yerli insan haqları fəalları hazırda Azərbaycanda 100-dən çox insanın siyasi motivlərlə cəza çəkdiyini bildirirlər- red.). Ölkədə repressiya güclənməkdədir. Əliyev bütün əsas dövlət qurumlarına tam nəzarət edir. Üstəlik, ABŞ və Avropanın siyasi liderləri onunla mülayim davranırlar, çünki bu ölkə Rusiyadan enerji ixracına alternativ sayılır», – hesabatda deyilir.

«Freedom House» hesabatda bir sıra tövsiyələr də irəli sürür. Məsələn, insan haqları təşkilatlarına tövsiyə olunur ki, siyasi məhbusların mücadiləsini daha güclü şəkildə ictimailəşdirsinlər.

«Soyuq Müharibədən sonra siyasi məhbusların sayı azaldığından, bu məsələyə elə də böyük diqqət ayrılmadı. Ancaq indi təkcə Çində mindən çox siyasi məhbus var, Venesuela, İran, Azərbaycan kimi ölkələrdə onların sayı az deyil. Artıq «vicdan məhbusu» termininin siyasi lüğətimizə daxil olmasının vaxtı çatıb», – insan haqları təşkilatı bildirir.

azadliq.info

Daha çox göstər
Back to top button