İctimaiyyət

Leyla Mustafayeva: “Həyat yoldaşımın oğurlandığı bir ölkənin vətəndaşı ola bilmərəm”

Əfqan Muxtarlının həyat yoldaşı Gürcüstan vətəndaşlığı ilə bağlı təklifi rədd etdi

İyunun 3-də, axşam saatlarında Gürcüstanın daxili işlər naziri journalist Əfqan Mustarlının həyat yoldaşı Leyla Mustafayevanı qəbul edib.

Qapalı keçirilən görüş barədə Meydan TV-yə məlumat verən L.Mustafayeva deyir ki, nazir ona Gürcüstan vətəndaşlığını təklif edib:

“Daxili işlər naziri mənə dedi, baş nazir prezidentə müraciət edib ki, ailənizə vətəndaşlıq verək. Amma mən bundan imtina etdim. Çünki mən həyat yoldaşımın oğurlandığı bir ölkənin vətəndaşı ola bilmərəm. Mənə vətəndaşlıq lazım olsaydı, buna görə əvvəlcədən müraciət edərdim. Ötən il Gürcüstanda yaşayış icazəsi üçün müraciət etmişdim. Amma cavab vermişdilər ki, mən burda təhlükəli işlə məşğulam. Mən kriminal deyiləm, jurnalistəm, hansı təhlükəli fəaliyyətdən söhbət gedir? Mənə demişdilər ki, yaşayış icazəsinin verilməsi ölkənin milli maraqlarına ziddir. Necə oldu indi zidd deyilmi milli maraqlara? Üstəlik, vətəndaşlığın verilməsi üçün çoxlu prosedurlar var. Belə çıxır ki, Gürcüstan mənə vətəndaşlıq verilməsi üçün öz qanunlarını çeynəyəcək? Bu, nə əl-ayağa düşməkdi?! Tələb etdim ki, Əfqan Muxtarlının oğurlanması ilə bağlı iş araşdırılsın. Baş nazir prezidentə bizə vətəndaşlıq verilsin demək əvəzinə, hüquq-mühafizə orqanlarına “işi ədalətli araşdırın” deməli idi. Mənə elə gəlir ki, bu, şoudur. Gürcüstanda azərbaycanlı aktivist və jurnalistlərlə bağlı problem ötən il də var idi, ondan qabaqkı il də. Ən kritik vaxtda məlumatlı idilər, amma heç bir əməli addım atmadılar. Bir jurnalistin oğurluğunun üzərindən şou yaratmaq lazım deyil”.

L.Mustafayevanın sözlərinə görə, nazir deyib ki, Əfqan Muxtarlının işinin araşdırılması ilə bağlı prosedurlar həyata keçirilir, kamera görüntülərinin əldə edilməsi üçün iş gedir:

“Əslində bu işə prokurorluq baxmalıdır. Çünki Əfqan deyib ki, onu kriminal polis geyimində olan şəxslər oğurlayıb. Biz birinci gün prokurorluğa müraciət edəcəyik. Nazir qeyd etdi ki, burdakı jurnalistlərin və aktivistlərin təhlükəsizliyi təmin olunur. Risklər minimuma endirilib”.

Daha çox göstər
Back to top button