Ailəsi Nicat Əmiraslanovla görüşə bilmir

Jurnalist Nicat Əmiraslanovun ailəsi ilə görüşünə icazə verilməyib. Bunu vəkil Elçin Sadıqov bildirib.
Onun deməsinə görə, jurnalistlə görüşməkdən ötrü ailəsi Qazax rayon Polis Şöbəsinə gedib. Ancaq görüşə icazə verilməyib. Üstəlik, vəkilin deməsinə görə, ailəyə heç bir izahat verilməyib.
Jurnalist N.Əmiraslanov Qazaxda fəaliyyət göstərirdi. Bu il mayın 22-də polisin əmrinə tabe olmamaqda günahlandırılaraq Qazax rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq inzibati həbs cəzası alıb.
İyunun 3-də Gəncə Apellyasiya Məhkəməsində N.Əmiraslanovun həbsindən verilən şikayətə baxılmalı idi. Ancaq jurnalist bundan imtina edib. Vəkil E.Sadıqovun bildirməsinə görə, jurnalist bu addımı öz iradəsi ilə atmayıb.
«Biz Nicat Əmiraslanovu saxlanmazdan əvvəl görmüşdük. İndi ağzında bir dişi belə qalmayıb»,-deyə vəkil bildirmişdi.
N.Əmiraslanov özü isə polislərin yanında dişlərinin, sadəcə, düşdüyünü və imtina ərizəsini öz iradəsi ilə verdiyini demişdi. Vəkilin deməsinə görə, ona jurnalistlə təklikdə görüşə icazə verilməmişdi.
N.Əmiraslanovun işgəncəyə məruz qalması iddiası ilə bağlı deyilənlərə Qazax rayon Polis Şöbəsindən cavab verməyiblər. Polis şöbəsindən deyiblər ki, suallar Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə ünvanlanmalıdır.
Məsələyə, DİN-in mətbuat xidmətindən isə, hələlik, münasibət almaq mümkün olmayıb.
Jurnalistin yaxınları ona verilən ittihamı əsassız sayırlar. Onlar deyirlər ki, N.Əmiraslanov sosial şəbəkədəki yazılara görə cəzalandırılıb.
azadliq.org