İctimaiyyət

Rafiq Cəlilovun ölkədən çıxışı qadağan edilib

Talış Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilov ölkədən çıxışına məhdudiyyət qoyulması ilə əlaqədar Azərbaycan baş prokuroruna müraciət edib.

Cəlilovun Turan-a verdiyi məlumata görə, mayın 24-də xaricə nəzərdə tutulan səfəri ilə əlaqədar o, DİN-in cinayət axtarış şöbəsində ölkədən çıxışına məhdudiyyət olub-olmadığını yoxlayıb. Ona qadağa olmadığını deyiblər.

Mayın 26-da Cəlilov şəxsi avtomobili ilə Mahaçqalaya dostunun oğlunun toyuna yola düşüb. Amma sərhəddə onu saxlayıblar və ölkədən çıxışının qadağan olduğunu bildirərək, yerli polisə təhvil veriblər

Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin müstəntiqi Orxan Rüstəmov polisə müvafiq faks göndərdikdən sonra onu sərbəst buraxıblar.

Prokurorluğun qadağası bir ay əvvəl Cəlilovun bu ilin fevralında Ermənistana qaçmış Şahin Mirzəlinin işi üzrə şahid olması ilə əlaqədar tətbiq edilib.

“Başa düşmürəm, Azərbaycandan buraxmamağın nə mənası var? Mən getmək istəsəydim bunu 2014-cü ildə Avropada olarkən edərdim. Azərbaycandan heç yerə getmək niyyətim yoxdur” deyə Cəlilov bildirib.

Cəlilov yerdəyişmə azadlığının məhdudlaşdırılmasını əsassız və siyasi motivli hesab edir və Baş Prokurora müraciət etdiyini bildirib.

Daha çox göstər
Back to top button