Litva Parlamentinin önündə Əfqan Muxtarlıya azadlıq istədilər

“Azərbaycandakı aktivistlər, haqqını tələb edənlər hökumətin təqibinə məruz qalırlar”
İyunun 12-də “Müsavat” Partiyasının üzvləri Litva Parlamenti önündə etiraz aksiyası keçiriblər. Onlar başlarına qara torba keçirib, əllərində isə jurnalist Əfqan Muxtarlının fotolarını tutublar. Etirazlarının Tbilisidə həbs olunaraq Bakıya gətirilən Əfqan Muxtarlının oğurlanmasına görə olduğunu deyirlər:
“Əfqan Muxtarlının Gürcüstanda oğurlanaraq Bakıya gətirilməsi bir daha göstərdi ki, Azərbaycanda insan haqları yoxdur. Ölkədəki aktivistlər, haqqını tələb edənlər həbs edilir, hökumətin təqibinə məruz qalırlar”, – deyə aksiya iştirakçılarından biri deyir.
Aksiyaçılar Əfqan Muxtarlının həbsinə etiraz edir, hökumətdən onu azad etmələrini tələb edirlər:
“Biz inanırıq ki, səsimizi eşitdirə biləcəyik. Ən azından burada olan deputatlar bizim nəyə etiraz etdiyimizi bildilər. Bayaqdan 1-2 nəfər yaxınlaşıb problemimizin nə olduğunu soruşub. Biz onlara Azərbaycanda baş verənlər barəsində məlumat verdik, bundan sonra yaxınlaşan olsa onları da məlumatlandıracağıq. Əfqan Muxtarlının Gürcüstandan Azərbaycana qanunsuz aparılmasını bütün dünya, Avropa bilsin istəyirik. Bəlkə onlar bir tədbir görər, Azərbaycana, oradakı məmurlara sanksiyalar tətbiq edərlər. Bundan sonra da bacardığımız qədər müxtəlif aksiyalar keçirəcək, Azərbaycandakı durumu dünya ictimaiyyətinin diqqətinə çatdıracağıq”, – aksiya iştirakçıları belə deyir.
Sonda etirazçılar bütün dünya ictimaiyyətinin Əfqan Muxtarlını jurnalist hesab etdiyi halda, Azərbaycan hakimiyyətinin onun boynuna müxtəlif cinayətləri qoymasını pisləyib, hökuməti onu dərhal azadlığa buraxmağa səsləyiblər.