Beynəlxalq

İnterpol Azərbaycanın Yunuslarla bağlı tələbini təmin etməyəcək

Arif Yunus: ”Azərbaycan hakimiyyəti özü də bilmədən mühüm məsələ qaldırdı”

Niderland XİN və Avropa İnsan Hüquqlarını Müdafiə Mərkəzinin vəkillərinin İnterpolun baş katibi professor Yurgen Stokuna məktubundan sonra 26 beynəlxalq hüquq-müdafiə təşkilatı “Azərbaycanlı hüquq müdafiəçiləri ilə bağlı sui-istifadələrin qarşısının İnterpol tərəfindən alınması” adlı birgə müraciət hazırlayıblar.

Bu barədə tarixçi Arif Yunus məlumat verib:

Artıq İnterpoldan cavab gəlib. Cavabda deyilir ki, Arif və Leyla Yunusların həbsi və Azərbaycana məcburi deportasiyası barədə Azərbaycan hakimiyyətinin sorğusu təmin edilməyəcək.

“Bununla da İnterpolun köməyilə bizim məcburi göndərilməyimiz məsələsi qapandı. Ancaq biz bununla mübarizəni bitirmək niyyətində deyilik. Azərbaycan hakimiyyəti özü də bilmədən mühüm məsələ qaldırdı: dikrator və avtoritar rejimlərin özgəfikirlilərə qarşı mübarizəsində İnterpoldan istifadəyə yol verilməməsi üçün bu beynəlxalq qurumda islahatların vacibliyi. Çünki bütün postsovet ölkələrində və digər regionlarda bu rejimlər özgəfikirliləri öz ölkələrinə deportasiya etmək üçün İnterpoldan istifadə edirlər. Və indi biz bu məsələni qaldırdıq ki, diktatorların çirkin niyyətlərində İnterpoldan istifadəyə yol verilməsin”, – A.Yunus “Facebook” səhifəsində yazıb.

Mayda Bakı Apelyasiya Məhkəməsi hüquq müdafiəçiləri və keçmiş siyasi məhbuslar Leyla və Arif Yunusların məhkəmə iclasına məcburi gətirilməsi barədə qərar çıxarıb. Onlar məcburən ölkəni tərk edərək hazırda Niderlandda yaşayırlar.

Leyla və Arif Yunuslar 2014-cü ildə həbs olunublar və 2015-ci ildə Ermənistanın xeyrinə casusluqda ittiham olunaraq mühakimə ediliblər. Onlar bir il yarım həbsdə qalıblar. Hüquq müdafiəçilərini şərti olaraq azadlığa buraxsalar da, onların üzərindən ittihamlar götürülməyib. Sonradan onlara xaricə müalicəyə getməyə icazə verilib.

Meydan TV

Daha çox göstər
Back to top button